Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər.
Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun APA-ya verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib.
İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub.