Əli Kərimli indi də "müctəhid" libasına bürünür
Tarix: 10-11-2015, 12:14 |
Çap et
Azərbaycan xəbərlər xidməti
Azər Niftiyev - Trend:
Cəmiyyətin fəal, dövlətini sevən kəsimi deyəndə ki, Azərbaycana qarşı təzyiqlər vahid mərkəzdən idarə olunur və "pas ötürmə" yolu ilə həyata keçirilir, ənənəvi müxalifət fəalları və “müstəqil jurnalistlər” bizi topa tuturdular. Son hadisələr və bu hadisələr fonunda ortaya çıxan reallıqlar aydın şəkildə göstərdi ki, Azərbaycanı zəiflətmək istəyən qüvvələr iş başındadır və təxribatçı ssenarilərinə "bütün tərəfləri" cəlb edə biliblər.
Bir neçə gün öncə Sabunçu rayonu ərazisində bir qrup "dindar"ın qanunsuz aksiya keçirməyə uğursuz cəhdi və bu aksiya ətrafında ənənəvi “müxalifət liderləri”nin verdiyi açıqlama və şərhlər onların "demokratiya çağırışları"nda, "dünyəvilik prinsipləri"ndə səmimi olmadıqlarını ortaya qoydu. Açıq şəkildə demək olar ki, adını müxalifət lideri qoyan və iqtidara iddialı şəxslər dini rejim qurmaq bahasına olsa belə, hakimiyyətə, dövlətçiliyə qarşı çıxmağa hazırdırlar.
AXCP sədri Əli Kərimlinin feysbuk hesabında yazdığı son status bunun əyani təzahürüdür.
"Biz dini çağırışlara dözümlə yanaşmalıyıq", "İmkan verməliyik ki, inanclı insanlar öz mövqeyini ifadə edə bilsinlər", "Rejimə qarşı hər kəs, o cümlədən dindarlar da biləşməlidir" kimi bəyanatları Əli Kərimlinin satqın, riyakar mövqeyinin daha bir ifadəsidir.
Adam bir yandan Qərbə və ona bağlı təsisatlara işləyir, digər yandan "mollaların aksiyası"nın himayəçisi rolunda çıxış edir. Nəzarətində saxladığı mətbuat orqanlarında "Müsəlman birliyi hərəkatı" adlandırılan qurumun siyasi hədə və təxribatçı çağırışlarına geniş yer verir.
Ötən əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətindən və onun fəaliyyətindən söz açan Ə.Kərimli bildirir ki, həmin dövrlərdə, o cümlədən yüksək vəzifə daşıdığı AXC-Müsavat iqtidarında dini dəyərlərə sadiqlik olub. Guya Azərbaycan iqtidarı onlardan fərqli olaraq inanclı insanlara qarşı kampaniya aparır.
Əvvəla, Azərbaycanda dini tolerantlıq ən yüksək səviyyədədir. Ölkəmizi qaralamağa adət etmiş, saxta bəyanat və hesabat yayan məkrli beynəlxalq təşkilatlar da Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü etiraf edirlər. Ölkəmizdə son illər onlarla məscid tikilərək istifadəyə verilib və bir çox məscidlərin açılışında ölkə başçısı şəxsən iştirak edib.
Bunu bilə-bilə yalan danışmaq, inanclı insanlarda qıcıq yaratmaq niyyəti AXCP sədrinin köhnə şakəridir və o bu dəfə də iyrənc “siyasi gediş”dən istifadə edir. Cəmiyyətdə itirmiş olduğu etimadı, sosial dayağı radikal dindarların hesabına geri qaytarmaq istəyir və bu dəfə maskasını yırtaraq, “axund”, “müctəhid” libasına bürünür.
Azərbaycanı qarışdırmaq, müxtəlif yollarla buna nail olmaq istəyən dairələr və onların Əli Kərimli, o cümlədən radikal dindarlıqla məşğul olan emissarları gözəl bilirlər ki, ölkəmizdə inanclı insanlara qarşı heç bir təzyiq yoxdur. Onlar heç bir maneə olmadan rahat şəkildə ibadət edir, dini ayinləri icra edirlər.
Amma bu o demək deyil ki, “din pərdəsi”nə bürünüb, siyasi çağırışlar edə, daxildə təxribatlar törədə bilərsən. Yox, əgər bu adamlar din, inanc məsələsini siyasi oyunlarına alət ediblərsə, heç şübhəsiz, cəzalanacaqlar. Bunu “siyasi repressiya”, “azadlıqların pozulması” kimi qələmə verənlər başa düşməlidir ki, onların quyruq buladıqları dairələr özləri ölkəmizə qarşı hər hansı təxribatçı planlarını həyata keçirə bilməyiblər. “Ağaları”nın edə bilmədiklərini qulların etməsi qədər bayağı və düşük bir iddia yoxdur.