Əli Kərimlinin paytaxtdakı daha bir obyekti - FOTO
Tarix: 6-11-2015, 11:21 |
Çap et
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədri Əli Kərimli artıq demək olar ki, siyasi fəaliyyətini dayandıraraq biznes fəaliyyətini genişləndirməyə başlayıb. Ona məxsus kifayət qədər obyektlərin olması hər kəsə məlumdur.
Vertikal.az xəbər verir ki, bu qəbildən olan obyektlərdən biri də Hüseyn Seyidzadə küçəsində yerləşən, avtomobil ehtiyat hissələri satılan mağazadır. Obyekt sənədlərdə Əli Kərimlinin əmisi oğlu Mübariz Kərimliyə məxsusdur.
İllərdir ki, fəaliyyət göstərən obyekt müxalifət “liderinin” çoxaylı qazanc mənbələrindən biridir. Maraqlıdır ki, Əli Kərimli dönə-dönə “imkansızlıqdan” əziyyət çəkdiyini deyir, həbs olunmuş tərəfdarlarına ayda-ildə bir dəfə sovqat göndərilməsini də onsuz da olduqca ağır iqtisadi çətinlikdə yaşayan sıravi cəbhəçilərin öhdəsinə buraxır. Özü isə necə deyərlər, “qaz vurub, qazan doldurur”.
Sözügedən obyekt də sənədlərdə qohumunun adına olsa da, əsl sahibinin Əli Kərimli olduğu bildirilir. Siyasi alver, özünə daha komfortlu həyat tərzi qurmaq üçün Avropada siyasi sığınacaq almaq istəyənlərə AXCP vəsiqəsinin satışı, eləcə də xaricdən aldığı və təyinatı üzrə xərclənməyən qrantlar hesabına maddi imkanını yaxşılaşdıran Əli Kərimli istədiyinə nail olub.
Öz iddiasına əsasən çox sayda tərəfdarları olduğu partiyanın adına keçirilən qurultayda hər bir adamın iştirakı üçün xüsusi olaraq (5 manat) vəsait ayıran və onlarn əhatəsində özünü "sədr" elan edən Əli Kərimli siyasi partiyaya da kommersiya obyekti kimi baxır. Bir zamanlar Əli Kərimlinin ən yaxın silahdaşı olmuş şəxs deyirdi ki, partiya “böyük bir supermarketdir”.
Görünür, “Yurd”un kluarlarında təkrar-təkrar deyilən bu söz həm də Əli Kərimlinin əsl düşüncə tərzini əks etdirdiyinə görə bu qədər sevilirmiş…
(cebhe.info)