Elçin MİRZƏBƏYLİ ...Vaxtilə yeni yaranmış siyasi partiyalardan birinin sədri ilə bağlı demişdilər bu sözü: “Yalnız bir halda parçalana bilər – partiya sədrinin üzərindən tramvay keçərsə... Müəllifinin kim olduğunu unutmuşam, günahımdan keçər yəqin... İndi Azərbaycanda parçalanma təhlükəsi olan partiyaların sayı çox azdı. “Bir həsirdi, bir Məmmədnəsir” misalı uzun illərdi ki, öz yerini “Bir sədrdi, bir də “papkası”” deyiminə verib. Amma həsirlə Məmmədnəsirin faciəsini siyasiləşdirənlər nədənsə bir məqamı unudublar: Vay o günə ki, “paka” da tapılmaya...
Xeyli müddətdir ki, tramvaylar da yığışdırılıb Bakıdan. Tramvay xətləri də yəqin şəxsi evlərin, binaların təməlində ikinci ömürlərini yaşayırlar. Kəsəsi, daha “papka”lı-“paka”sız sədrlər üçün tramvay təhlükəsi yoxdu... Amma bu, başqa təhlükənin olmadığından xəbər vermir...
Bu arada, ilk baxışda əvvəlki fikirlərimlə ziddiyyət təşkil etdiyi təsüratı yaransa da, bir məqama xüsusi diqqət çəkmək istəyirəm: Azərbaycanda elə partiya sədrləri var ki, üzərilərindən nəinki tramvay, hətta zirehli texnika yüklənmiş yük qatarı keçsə də müxtəlif üsullarla və vasitələrlə yiyələndikləri quru adla quru “Yurd”da qalmaqdan əl çəkməyəcəklər. Bunun bariz nümunəsi 2000-ci ildən bəri qanunsuz yollarla, seçkili orqanların protokollarını saxtalaşdırmaqla, şantajla sahibləndiyi AXCP-nin möhüründən illər uzunu bu təşkilatın yükünü çiyinlərində daşıyan insanlara “xəyanətkar” damğası vurmaq üçün istifadə edən Əli Kərimlidir. Doğrudur, indi onun ətrafında “papka”dan başqa 1-2 nəfər də qalıb. Amma onların da Kərimliyə dözmələrinin başqa səbəbləri var. Yəni “lazım gəldiyi üçün” qalıblar. “Lazim gəlməyəndə”, quzu balası kimi gedəcəklər...
Bu baxımdan da, son günlər AXCP-nin parçalanması ilə bağlı mənə ünvanlanan suala sarkazmla cavab vermək məcburiyyətində qalıram... Nə parçalanacaq? AXCP adlanan siyasi partiya artıq uzun illərdir ki, yoxdur!!! Azərbaycanda siyasətlə məşğul olan, daxili siyasi prosesləri şərh etməklə fərqlənməyə çalışan və çoxsaylı məzmunsuz açıqlamaları qələmə alanların əhəmiyyətli hissəsi önəmli bir məqamı unudurlar: Siyasi partiya sadəcə quru addan ibarət deyil! Siyasi partiyanı onu yaradan, formalaşdıran, siyasi kursunu, istiqamətini müəyyənləşdirən İNSANLAR təşkil edir! Əgər bu insanlar yoxdursa, deməli partiya da yoxdur!
Əli Kərimli isə 15 ildir ki, AXCP-ni CP-yə çevirib. Bu təşkilatda nə Azərbaycandan, nə də Xalqdan əsər-əlamət qalmayıb. Bu adam öz CuPbulu düşüncəsi və siyasi dünyagörüşü ilə sosial şəbəkələrdə Cırtqozluq edib Poz verən zombiləşmiş siyasi Cırdanlara, Paranoiklərə rəhbərlik etməyi daha məqbul sayıb və saymaqdadır... Razi Nurullayevə və onunla birlikdə AXCP adını Əli Kərimlinin inhisarından çıxarmaq istəyənlərə gəldikdə isə, şübhəsiz ki, bu, onların haqqıdır. Daha öncə də qeyd etdiyim kimi, siyasi partiyanı insanlar təşkil edir, hərflər və həriflər yox... Hərf məsələsi isə çox həssas məsələdi. Bəzən 1, yaxud 2 hərfin yükü başından böyük zad eləyənlərin qafasının içində üzən beyinciklərdən dəfələrlə böyük olur. Gərək elə hərifləyəsən ki, hərfdən asılıb qalan hərifə çevrilməyəsən...