AXCP sədrini siyasi iflasa aparan uzun yola qısa baxış...
Tarix: 24-10-2015, 12:23 | Çap et
AXCP sədrini siyasi iflasa aparan uzun yola qısa baxış...
Oktyabrın 18-də AXCP Etimad Qurultayı keçirildi və Razi Nurullayev partiyanın sədri seçildi. Ölkə gündəminin əsas mövzularından olan bu olay Əli Kərimli və azsaylı dəstəsi tərəfindən “top-tüfənglə” qarşılandı. Amma uzun müddətdir ki, AXCP adını inhisarında saxlamağa çalışan Əli Kərimli və dəstəsinin iç üzü bu proseslər zamanı kifayət qədər açıldığından cəmiyyətdə AXCP Etimad Qurultayına və onun nəticələrinə maraq böyükdür. Bu isə artıq siyasi elitanın, protest elektoratının və bütünlükdə cəmiyyətin Əli Kərimlini həzm etmək niyyətində olmadığını göstərdi. Maraqlıdır, bəs Əli Kərimlinin və dəstəsinin bu iflasının əsl səbəbləri nədir? Bu yazıda həmin səbəblər haqda məlumat verməyə çalışdıq. Beləliklə...

Ötən əsrin 80-ci illərinin ortalarında başlayan "Yenidənqurma" bir çox müsbət tərəfləri ilə yanaşı xeyli problemləri də cəmiyyətə daşıdı. Bu proses əslində güclü selə bənzəyirdi. Və özü ilə atalar demişkən, mütləq çör-çöp də gətirməli idi. Bu şəksiz belə olmalıydı. Çünki böyük axınlar həmişə belə olub. Bu axının gətirdiyi çör-çöplərdən biri də o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin tələbəsi Əli Kərimli idi. Tələbə dostlarının dediyinə görə, əsgərlikdən sonra tələbə adını qazanmış Əli Kərimli birinci kursdan başlayaraq özü üçün karyera qurmaq, komsomol katibi olmaq, bir sözlə, nəyin bahasına olur-olsun vəzifə əldə etmək istəyirdi. Əlbəttə hər bir insanın vəzifəyə can atmasında bir pis şey yoxdur. Ancaq insan nəyin bahasına olur-olsun vəzifəyə can atanda bu sonralar xeyli problemlər yaradır. Canlı şahidlər danışır ki, aşağı kurs tələbəsi olan Əli Kərimlinin bu xasiyyətinə görə ona "komsomol", "karyerist" ləqəbi vermişdilər. Elə AXCP-də birinci müavin olarkən də çoxları ona ironiya ilə "kamsomol" deyərmiş.
Azərbaycanda Xalq Hərəkatı başlayanda bir qrup universitet tələbəsi "Yurd" adlı ictimai təşkilat yaratdı. Bu təşkilatı yaradanların çoxunu sonra Əli Kərimli şərləyərək, yaxud başqa yollarla sıradan çıxardıb "Yurdu" ələ keçirdi. Əslində "Azadlıq" qəzetində adi müxbir işləyən Əli Kərimovun qabağa çəkilməsində rəhmətlik Nəcəf Nəcəfovun böyük rolu oldu. Rəhmətlik Nəcəf Nəcəfov xaraktercə səmimi və sadə adam olduğu üçün Əli Kərimlini dərindən tanıya bilməzdi. Nəcəf Nəcəfov Əbülfəz Elçibəydən xahiş etdi ki, Əli Kərimliyə bir yaxşı vəzifə versin.Problem də ondan sonra başladı. Əli Kərimliyə vəzifə verilən kimi başına topladığı "yurdçu"lara əmr verdi ki, bütün vəzifələri biz ələ keçirməliyik. Cəbhənin bir illik hakimiyyətindən təkcə Əli Kərimliyə ev payı düşdü, özü də yüksək çinli zabitlərlə bir binada. Parta arxasından prezident aparatında ən yüksək vəzifəyə gələn Əli Kərimli öz xanımını da yadından çıxarmamışdı. AXCP şefinin xanımı da prezident aparatında şöbə müdiri idi. Maraqlıdır ki, cəbhə hakimiyyətdən getsə də, xanım cəbhəçi uzun illər vəzifəsində qalıb işini davam etdirirdi. Soruşan yoxdur ki, əcəba, hamıya “vəzifənizi dondurun” deyən Əli Kərimli nə əcəb xanımına bunu məsləhət bilməyib?
Əslində, Elçibəy hakimiyyətinə bir çox problemləri Əli və onun dəstəsi yaratdı. Əli Kərimli bütün xisləti ilə Azərbaycan Xalq Cəbhəsinin başına keçmək istəyirdi və bunun üçün hər şeyə hazır idi. Əli Kərimli Surət Hüseynovun qorxusundan qaçıb gizlənəndə AXC-ni qoruyub saxlayan şəxsləri bir müddət sonra Əli Kərimli yüz yolla təşkilatdan uzaqlaşdırdı. Əslində, ona bu işdə hazırda Amerikada yaşayan keçmiş spiker Rəsul Quliyev hər cür yardım edirdi. Bəli, Rəsul Quliyev AXCP-nin rəhbərliyində olan şəxslərə konkret olaraq demişdi ki, əgər Əli Kərimli qurumda Elçibəydən sonra ikinci şəxs olmasa, bu təşkilat dağılacaq. Elə də oldu. Bir çox nüfuzlu şəxslər AXCP-dən uzaqlaşdırılandan sonra Əli Kərimli təşkilatda ikinci şəxs, Bakıda isə birinci şəxs oldu. Çünki Elçibəy Kələkidə idi. Beləliklə, Əli Kərimli və onun dəstəsi arzularına çatdılar. Artıq təşkilatda demək olar ki, Əli Kərimlinin dəstəsindən başqa heç kim qalmamışdı. Daha doğrusu, qalanlar da məcburiyyət qarşısında qalmışdılar. Əli Kərimli hərəyə bir vəd verərək adamları ətrafında saxlamağa çalışırdı. AXCP sədrinin birinci müavini həmin illərdə xarici ölkələri su yoluna döndərmişdi. Xaricdən axıb gələn pullar hesabına keçmiş yurdçu əlində bir neçə qəzet saxlayır, özünü təbliğ edir, Bakıda bir neçə ticarət obyektinə gizli sahiblik edirdi. Artıq Əli Kərimli öz dəstəsi ilə Milli Məclisdə də təmsil olunurdu. Sorosun göndərdiyi pullar Əli Kərimovda ağıllı-başlı eyforiya, başgicəllənməsi yaratmışdı. Hətta qonşu ölkələrdən neftin iysinə gələnlər də Əli Kərimliyə "baxım-görüm" eləyirdilər.
Əli Kərimlinin tələbə yoldaşı, hazırda Milli Məclisin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev dəfələrlə öz açıqlamalarında qeyd edib ki, bir neçə dəfə çətinlik olan kimi Əli Kərimli təşkilatdan getməklə bağlı ərizə yazıb, ancaq biz həmin ərizəni cırıb atmışıq. Yəni, bu şəxs bir balaca təhlükə hiss edən kimi aradan çıxmağa hazırdır. Hətta Qüdrət Həsənquliyev onu da qeyd edir ki, Əli Kərimli bir neçə dəfə gizli şəkildə hakimiyyətdən xahiş edib ki, məni hansısa ölkəyə səfir göndərin. Bütün bunlar onu göstərir ki, öz yaxınlarına "vəzifənizi dondurun" əmrini verən Əli Kərimov özünə karyera qurmaq üçün hər cür oyunlara gedib. Bütün bu səbəblərdəndir ki, Əli Kərimli öz yaxın ətrafında olan insanlardan bir nəfərini də olsun qoruyub saxlaya bilmədi. Hanı, Əli Kərimlinin ən yaxın silahdaşı olan Fazil Qəzənfəroğlu? Hanı, "müəllim, müəllim" dediyi Qulamhüseyn Əlibəyli? Hanı, bacanağı Əliməmməd Nuriyev? Hanı, Mais Səfərli? Hanı, illər uzunu sənə sponsorluq edən Asim Mollazadə? Hanı, Əli Məsimli..? Hanı, Fuad Mustafayev? Hanı, "Əlini döymək istəyənlər mənim meyidimin üstündən adlaya bilərlər" deyən Arif Paşayev..? Hanı, Surətin uşaqları səni döymək istəyəndə sinəsini qabağa verən Qüdrət Həsənquliyev..? Bu qədər insanın hamısı pis ola bilməz axı? Deməli, yerində olmayan, karyera və pul üçün hamını qurban verməyə hazır olan Kərimlidir...
Axı, Əli Kərimli hər şeyə razılaşmışdı və hər şey plan üzrə gedirdi. Bəs, necə oldu ki, birdən-birə onu "öz liderinə xəyanət eləmiş adam" adlandırdılar? Nə baş verdi? "Qrant" söhbətini də ilk dəfə Azərbaycana onun çetesi gətirdi. Və beləliklə müxalifəti "dilənçiliyə", "əl quzusu" olmağa alışdırdı. Bir-iki deputat yeri üçün o hər şeydən keçməyə hazır olub. Neçə dəfə müxalifətin birliyini pozmaq üçün hansı oyunlar qurub.
Sadaladığımız azsaylı və sadalamadığımız çoxsaylı səbəblər üzündən Əli Kərimli bu gün öz siyasi ömrünün payız fəslini yaşayır. Bunun günahı isə, nə ittiham etdiyi keçmiş əqidə yoldaşlarında, nə hər fürsətdə yerli-yersiz tənqid etməyə alışdığı hakimiyyətdə, nə də cəmiyyətdədir. Əli Kərimli bu gün qarşılaşdığı acınacaqlı aqibəti özü hazırlayıb və buna görə kimsədən inciməyə mənəvi haqqı yoxdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net