“Kəlbəcərin işğalı mənim üçün dünyanın ən ağır xəbərlərindən biri olub”
Tarix: 2-04-2015, 11:28 |
Çap et
Bu gün Kəlbəcərin ermənilər tərəfindən işğalının 22 ili tamam olur. Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Qulu Məhərrəmli bu işğalın səbəblərinə aydınlıq gətirib:
“Kəlbəcərin işğalı o vaxt mənim üçün dünyanın ən ağır xəbərlərindən biri olub. Heç cür ağlıma sığışdıra bilmirdim ki, sıldırım qayaları və təbii müdafiə imkanları olan o boyda ərazi süqut edə bilər... Mən həmin dövrdə AzTV-də xəbər proqramını aparanlardan biri idim və ara-sıra siyasi şərhlər verir, Qarabağda gedən prosesləri təhlil etməyə çalışırdım, yəni hərbi-siyasi prosesləri çox yaxından izləyirdim. Kəlbəcər ətrafında hərbi əməliyyatların genişlənməsi 1993-cü ilin yazında Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda cərəyan edirdi. Təbii ki, Azərbaycanın müstəqil siyasi xəttini qəbul etməyən Rusiya hakimiyyəti ordu vasitəsilə ölkəmizə təzyiqini gücləndirirdi. Faktiki olaraq müdafiə naziri P.Qraçov həmin günlərdə Bakı ilə ultimatum dilində danışırdı. Ona görə də sirr deyil ki, Kəlbəcər kimi mürəkkəb coğrafi relyefi olan bir ərazinin işğalı yalnız xüsusi hazırlıqlı Rusiya ordusunun köməyi sayəsində mümkün olmuşdur. Bunları ona görə deyirəm ki, bu gün heç kəs regionda Rusiya təhlükəsini yaddan çıxarmasın. Üstəgəl, nəzərə almaq lazımdır ki, bugünkü beynəlxalq münasibətlər kontestində indi regionda hərbi-siyasi vəziyyət22 il bundan əvvəlkindən daha kəskin və təhlükəlidir”.