YAP bəzi dairələrdə mandatını niyə geri istəyir?
Tarix: 28-04-2015, 10:52 | Çap et
YAP bəzi dairələrdə mandatını niyə geri istəyir?
Avropa Oyunları 2015-ci ilin əsas siyasi hadisəsini-parlament seçkilərini ikinci plana keçirsə də, hakimiyyət kuluarlarında bu prosesə hazırlıqla bağlı zaman-zaman çox ilginc xəbərlər yayılır.

Ən son aldığımız məlumatlara görə, indi əsas qızğın müzakirə YAP-ın Seçki Qərargahının qurulması və hakimiyyətin bu seçkilərdə hansı namizədlərlə iştirak edəcəyini müəyyənləşdirməsi ətrafında gedir.

Məlumdur ki, prezident seçkilərindən sonra YAP-ın icraçı katibi Əli Əhmədov baş nazirin müavini postuna yüksəldilib, onun partiyadakı daha bir müavini Mübariz Qurbanlı isə Dini İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Partiyanın neçə illərdir seçki qərargahına rəhbərliyi məhz Əli Əhmədov edib. Məlumdur ki, Ə.Əhmədov YAP icra katibi kimi qalır və ara-sıra partiyanın mərkəzi ofisinə də gəlir.

Amma seçki ciddi və çox iş tələb edən proses olduğundan Ə.Əhmədovu hər cür bəhanə ilə bundan uzaqlaşdırmaq istəyirlər. İddialara görə, YAP daxilində də Ə.Əhmədovla münasibətləri gərgin olan bir qrup, eləcə də bəzi məmur-oliqarxlar icra katibinin bu dəfə seçkiyə nəzarət etməsini arzulamırlar. Onun Nazirlər Kabinetindəki otağından YAP-dakı seçkiyə tam nəzarət etmək istəyinə Prezident Administrasiyasından da isti baxmırlar.
Ə.Əhmədovun YAP-dakı mövqeləri hələ möhkəm olsa da, rəqibləri onu heç olmasa seçki qərargahına rəhbərlikdən uzaqlaşdırmaq niyyətindədir.

Məlumdur ki, neçə illərdi Prezident Administrasiyası ilə YAP arasında gizli bir münaqişə var və bu, hər seçkidə özünü daha qabarıq göstərir. Xəbərlərə inansaq, Ə. Əhmədov baş nazir portfelinə də iddialıdır ki, noyabr seçkilərində “triumf” onu bu arzusuna da çatdıra bilər. Bu səbəbdən də Ə. Əhmədov da YAP-ın Seçki Qərargahından möhkəm yapışıb. Qeyd edək ki, Ə.Əhmədov bacarıqlı təşkilatçı kimi tanınır və inamlı olmaqda prezidentin də ona etimadını ciddi dəstək kimi istifadə edir.

Ə.Əhmədovun YAP-ı “uzaqdan idarə etməsinin” əleyhinə olan bəzi məmurlara gəlincə, bu da səbəbsiz deyil. Əvvəla, ona görə ki, onlar Etibar Məmmədovun düşərgəsindən gəldiyi üçün Ə. Əhmədovu hələ də “yad” hesab edirlər.

Daha bir səbəb onun seçki siyahısının müəyyənləşməsində oliqarxlara qarşı ola biləcəyidir. Belə ki, ötən ay YAP bütün dairələrdə xüsusi araşdırma aparıb və araşdırma bəzi biabırçı nəticələr üzə çıxarıb. Məlum olub ki, bəzi dairələrdə seçicilər öz deputatlarının hətta adlarını belə bilmirlər. Onların bir çox isə oliqarxların parlamentdəki adamlarıdır. Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov da belə bir araşdırma aparıldığını təsdiqləmişdi.
YAP rəsmisi onu da əlavə etmişdi ki, bu təhlillər bitdikdən sonra hansı seçki dairəsindən hansı xarakterə malik namizəd irəli sürülə biləcəyi müəyyənləşdiriləcək.

Oliqarxların narahatçılığına səbəb olan başqa bir ciddi durum da var. Parlament seçkiləri ili bəzi oliqarxların gizli vurulması, onların hakimiyyət qollarındakı mövqelərinin zəiflədilməsi prosesi də gedir. Bu sırada ən çox nəqliyyat naziri Ziya Məmmədovla baş qoruman Bəylər Əyyubovun adı çəkilir. Son seçkilərdə bu oliqarxlar parlamentdə bir neçə yer əldə edə biliblər. Gözlənilir ki, onlarla bərabər parlamentdə deputat lobbisi olan digər oliqarxlarda bu dəfə ciddi mövqe itkilərinə məruz qalacaqlar. Bu da aydındır ki, Ə. Əhmədovu aşan bir işdir...

Redaksiyamıza çatan bilgiyə görə, adətən 114 dairədən namizədi müəyyənləşdirən, digər dairələrdə isə hakimiyyətə yaxın şəxslərin namizədliyini dəstəkləyən YAP bu dəfə güzəştə getməyə o qədər də həvəsli deyil. Qeyd edək ki, neçə illərdir YAP Naxçıvanın bir neçə dairəsindən, o cümlədən Qobustan-Xızı-Quba seçki dairəsindən (deputat Zeynəb Xanlarova), Salyan-Neftçala seçki dairəsindən ( deputat AVP sədri Fəzail Ağamalı), Biləsuvar seçki dairəsindən (deputat Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı) və daha bir neçə dairədən güzəştə getdiyi deputat mandatını “özününküləşdirmək” istəyir.

Belə görünür ki, müxalifətin yoxluğunun daha çox hiss ediləcəyi bu seçkidə YAP parlamenti nə müxalifətlə bölmək, nə də mandatını hakimi partiyanın deyil, bir qrupun mənafeyinə xidmət edənlərə güzəşt etmək fikrindədir.

Xəbərlər belə düşünməyə əsas verir ki, Avropa Oyunlarından sonra Azərbaycanın siyasi həyatı daha maraqlı olacaq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net