“Emin Hüseynov məsələsinin üstü gec-tez açılacaq” - YAP
Tarix: 11-03-2015, 09:25 |
Çap et
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bəzi xarici və yerli təşkilatlar tərəfindən yayda Bakıda keçiriləcək Avropa Oyunlarına qarşı aparılan kampaniyaya münasibət bildirib.
S.Novruzov publika.az-a açıqlamasında deyib ki, xaricdə olan bir qrup ermənipərəst qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinə və xalqına qarşı zaman-zaman müxtəlif fəaliyyətlər göstərirlər. Onun sözlərinə görə, həmin xarici dairələr öz istəklərini Azərbaycan daxilində millətdən məlumatı olmayan Milli Şura, AXCP və onun qəzeti vasitəsilə həyata keçirmək istəyir: “Bu qurumlar ayrı-ayrı vaxtlarda xarici dairələrdən maliyyə vəsaitləri alıblar və indi də onların yanında gözükölgəlidirlər. Yəni bu təşkilatlar Azərbaycan xalqına və dövlətinə deyil, əksinə, bəzi xarici təşkilatlara xidmət edirlər və bilavasitə onların himayəsi altında gizlənirlər. Xaricdən bu təşkilatlara hansı göstərişlər verilirsə, bunlar da onu həyata keçirməyə çalışır”.
YAP-çı deputat qeyd edib ki, Milli Şura, AXCP və digər bu kimi təşkilatlar Azərbaycanda bir qrup iradəsi zəif insanları doğru yoldan azdırıb Avropa ölkələrində küçələri təmizləməyə vadar edirlər: “Hətta bu yaxınlarda onlardan biri Azərbaycandan “siyasi sığınacaq” adı ilə gedəndən sonra İsveçrədə ayaqyolu təmizləməklə məşğul olduğunu etiraf edib. Bu cür adamlar doğma Vətənini, elini atıb, hansısa verilən vədlərin dalınca Avropaya qaçırlar, ancaq orada küçə və ayaqyolu təmizləməklə məşğul olurlar. Avropada müəyyən dairələr bu cür adamları aldadaraq öz dövlətlərinə qarşı çevirirlər və bunların vasitəsilə öz maddi maraqlarını həyata keçirməyə çalışırlar. Bu cür adamlara verilən göstərişlər nəticəsində həmin hazırlanmış bir qrup adam Azərbaycanda baş verən hər hansı proseslərə kölgə salmağa çalışacaq. Həmin xarici dairələr isə heç zaman istəməz ki, bütün bunların arxasında onların dayandığı məlum olsun”.
Deputat bildirib ki, bəzi xarici dairələr Azərbaycanda ictimai-siyasi vəziyyətin guya gərgin olması barədə bütün dünyaya car çəkmək istəyir: “Bunu da onlar AXCP kimi təşkilatların rəhbərlərinin vasitəsilə həyata keçirməyi düşünürlər. Bu adamlar vaxtında Avropada özlərinə bahalı evlər və sairə alıblar. İndi isə AXCP rəhbərliyi öz mənafeləri naminə bir qrup gənci aldatmaqla məşğul olur, onları küçələrə çıxartmağa, ictimai asayişi pozmağa, kütləvi iğtişaşlar törətməyə və vətəndaşların əmlakına ziyan vurmağa sövq edir. Sadəcə olaraq, xaricdən bunlara hansı tapşırıqlar gəlirsə, bunlar da onu icra edirlər. Bütün bunları isə Azərbaycan xalqı çox yaxı bilir və görür. Ona görə də Azərbaycan xalqının böyük əksəriyyəti onlara qoşulmur”.
S.Novruzov deyib ki, ilk Avropa Oyunları bütövlükdə Azərbaycan dövlətinin və xalqının bir təqdimatıdır, dövlətin gördüyü işdir, onun təşkilatçılığının göstəricisidir. Onun sözlərinə görə, bu cür beynəlxalq və nüfuzlu yarışlara ev sahibliyi etmək hər ölkəyə nəsib olmur: “Bu cür yarışları, adətən, onu bacara bilən güclü dövlətlərə həvalə edirlər. Hər kəsin yaxşı yadına gələr, vaxtilə “Eurovision” yarışmasından sonra da hər bir təşkilat Azərbaycanın ev sahibliyi etməsinin möhtəşəmliyindən danışırdı. Hətta həmin xarici təşkilatlar və ölkələr bəyanatlarında qeyd edirdilər ki, bu yarışma bundan sonra çətin ki, bu qədər yaxşı təşkil olunsun və sairə.
Artıq Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu cür təşkilatçılığı ilə də dünyada tanınır. Bütün bunlar isə Azərbaycan dövlətinin inkişafını, nüfuzunu, sabitliyini və xalqı ilə qurduğu möhkəm əlaqəni nümayiş etdirir. Təbii ki, bundan bəzi dairələr də çox narahat olur”.
RATİ-nin rəhbəri Emin Hüseynovun İsveçrə səfirliyində gizlənməsi məsələsinə də toxunan S.Novruzov Avropa dairələrinin bu məsələdə ikili standartlara yol verdiyini söyləyib: “Bu adamın həyat yoldaşı ABŞ xüsusi xidmət orqanlarının əməkdaşıdır. Bu adama 2 milyon dollara yaxın qrant vəsaiti verilib. Ancaq bütün jurnalistlər də şahiddir ki, bu şəxs indiyədək bir dəfə belə normal, böyük pul xərclənən tədbir keçirməyib. Bir adam durub desin ki, Emin Hüseynov filan vaxtı haradasa tədbir keçirib. Bu adam 240 min manat vergidən yayınıb. İndi sual olunur ki, axı sən bu cür cinayətkarı hansı əsaslarla saxlayırsan? Əgər bunun hər hansı siyasi baxışı vardısa, hər hansı siyasi partiyada təmsil olunurdusa, onu səfirlikdə saxlamağı, heç olmasa, başa düşmək olardı. Ancaq bu adamın heç bir siyasi baxışları yoxdur və heç bir böyük tədbir də keçirməyib. Bəs o zaman buna o qədər pul niyə verilib? Bu qədər pul ancaq kütləvi iğtişaşların və mitinqlərin təşkil edilməsi üçün nəzərdə tutulur. Digər tərəfdən isə bu qədər məbləği verən onun 20 faizini özü mənimsəyib. Təbii ki, bütün bunların mənbəyi gec-tez açılacaq. Mənbə açılandan sonra da hər şey aydın olacaq. Ona görə də bunu neytral ölkədə gizlədirlər ki, şübhə yaranmasın. Ancaq bu işlərin üstü açılacaq”.