«Azərpoçt»da inanılmaz korrupsiya-FAKTLARı
Tarix: 5-11-2015, 12:17 |
Çap et
Sübhan Kazımov 3 hektar ərazini kimə satıb? Poçt şöbəsi Eldar Mahmudova necə hədiyyə edildi? I YAZI
Bir neçə gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində «Azərpoçt» MMC-nin direktoru Qəmbər Bəybalayev həbs olundu. Qeyd edək ki, bu həbslər və işdən çıxarmaların bilavasitə MTN ətrafında baş verən olaylarla əlaqəsi var. Çünki Bəybalayevə qədər, Rabitə və Yüksək Texnologiya Nazirliyində (RYTN) bir sıra vəzifəli şəxslər artıq həbs olunublar və onlar dinləmə məsələsində ittiham edilirlər.
Korrupsiya yuvası
Bu sırada «Azərpoçt»la bağlı olduqca ilginc və dəhşətli məlumatlar əldə etmişik. İndiyə qədər bizə yazan oxucular bu barədə məlumat versələr də, onun detalları barədə tutarlı faktlar açıqlamırdılar. Son iki gün ərzində apardığımız ilkin araşdırma və əldə etdiyimiz məlumat isə o qədər dəhşətlidir ki, bunu hansı ölkədə etsəydilər, hökumətqarışıq hamı istefa verərdi.
JAM.AZ xəbər verir ki, Qəmbər Bəybalayevin törətdiyi əməllərin sayı- hesabı yoxdur. Və bu əməllərin hər biri dövlətə milyonlarla manata başa gəlməkdədir. «Azərpoçt»un əmlakını bu şəkildə talamaq isə 11 ildə kimsənin diqqətini çəkməyib. Və Qəmbər Bəybalayevin həbsi ilə həmin zərərlərin geri ödəniləcəyinə də kimsə inanmır.
Fərman Süleymanov rəhbərliyə hansı ərizəni yazıb?
«Azərpoçt»un Qəmbər Bəybalayevdən öncə rəhbəri olmuş şəxs Fərman Süleymanov olub. Əslən Qəbələdən olan Qarabağ qazisini işdən çıxartdıran elən Vidadi Zeynalov olmuşdu. Vaxtıyla nazir Əli Abbasovla aspiranturanı birlikdə oxumuş Süleymanovun işdən çıxmaması üçün yetərli qədər səbəbləri də olub. Lakin o, RYTN-də baş verənləri xeyli əvvəldən görürmüş.
Elə buna görə də, işdən çıxarılan zaman olduqca uzaqgörən bir ərizə yazıbmış. JAM.AZ xəbər verir ki, Fərman Süleymanov «Azərpoçt»un rəhbərliyindən getməsini nə səhhəti ilə, nə işləyə bilməməsi ilə əsaslandırmayıb. O, nazirə açıq şəkildə yazıb ki, işdən çıxmasının səbəbi gələcəkdə bu sahədə baş verəcək korrupsiya cinayətlərinə şərik olmaq istəməməsidir. Deyilənlərə görə, həmin ərziəni Vidadi Zeynalov oxuduqdan sonra şoka düşübmüş. Çünki orada dəhşətli faktlar və fikirlər olub.
«Azərpoçt»da Sübhan Kazımov faktoru
Əslində, «Azərpoçt»la bağlı gələn məlumatlarda xeyli sayda adamların adları çəkilsə də, onların içində biri var ki, ümumiyyətlə, kimsənin dilinə gəlmir. JAM.AZ xəbər verir ki, Sübhan Kazımov MMC-də direktor müavinidir. Baş nazirin birinci müavini Əli Əhmədovun bacısı oğludur.
Poçt sahəsində çalışanlar deyirlər ki, «Azərpoçt»də həyata keçirilən bütün «qara işlər»in hamısı Kazımovun «əməyinin məhsulu»dur. Onun ən böyük işlərindən birinin «Azərpoçt»a məxsus olan Avtobazanın 3 hektarlıq ərazisini satmasıdır.
JAM.AZ-a verilən məlumata görə, Montində, BTİ-yə yaxın yerdə yerləşən həmin ərazi özəlləşdirilib, daha sonra isə onun yerində bina inşa edilib. Bəzi iddialara görə, bu torpaq sahəsi öncə YAP-ın Nərimanov rayon şöbəsinin sədrinin adına özəlləşdirilib, daha sonra isə başqa adamın adına keçirilib. Belə ehtimal olunur ki, Montindəki 3 hektar ərazi elə Əli Əhmədovun adamına verilib və onun da işi bina tikmək olub.
İnkassator maşınları küçələrdə qalır
«Azərpoçt»un təkcə Bakıda 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Hər axşam saatlarında isə inkassator maşınları şöbələrdə toplanılmış məktub, sənəd və pulları toplayaraq onu Baş İdarəyə gətirir. Yəqin ki, indiyə qədər bu inkassator maşınlarının harada saxlanıldığı və gecələr harada qaldığı barədə məlumatınız yoxdur.
JAM.AZ xəbər verir ki, Avtobaza satıldıqdan sonra inkassator maşınlarını şəhərin istənilən küçəsində gecə yarısı saxlanılmış vəziyyətdə görmək olar. Bu hal məhəllələrə də aiddir. Səbəb isə «Azərpoçt»un onları işdən sonra park etmək üçün yeri yoxdur. Halbuki Sübhan Kazımov Avtobazanın ərazisini satmasaydı, həmin maşınları orada park etmək olardı.
Əsasnaməyə görə, inkassator maşınları xüsusi təyinatlı olduqlarından onların ümumiyyətlə, nəzarətsiz ərazidə saxlanılması qadağandır. Amma «Azərpoçt»da kimsə bunu nə qəbul edir, nə də fərqinə varır.
Eldar Mahmudova hansı poçt şöbəsi hədiyyə edilib?
JAM.AZ-ın araşdırmalarına görə, «Azərpoçt» rəhbərliyi hələ bir neçə il bundan əvvəl poçt şöbələrinin ərazisini özəlləşdirməyə başlayıb. Və bunu belə əsaslandırıblar ki, işçilərin evi yoxdur və həmin şöbələrin ərazilərinin bir qismini mənzil kimi onlara verməklə, bu problemi həll etmək olar. Lakin bütün bunların hamısı bəhanədir. Ona görə ki, sovet dövründən «Azərpoçt»un balansında olan iri şöbələrin hamısı özəlləşdirilib və ərazisi də işçilərə deyil, market açanlara icarəyə verilib.
Həmin poçt şöəbələrindən biri 118 saylıdır. Ümumi ərazisi 500 kvadrat metr olan bu şöbə 8-ci km qəsəbəsində, Laçın Ticarət Mərkəzi ilə üz-üzə yerləşirdi. Lakin «Azərpoçt» rəhbərliyi həmin şöbənin ərazisini özəlləşdirərək, onun cəmi 40 kv.m-ni əlində saxlayıb. Yerdə qalan 460 kv. m-i isə sabiq MTN şefi Eldar Mahmudova hədiyyə ediblər. Mahmudov da onun yerində «İdeal» mebel salonu açıb.
Amma belə faktlar bir və ya iki deyil. Növbəti yazımızda hansı poçt şöbəsinin özəlləşdirilib, başqalarına verildiyi, sonra da onlardan icarəyə götürldüyünə dair şok məlumatlar açıqlayacağıq. Bundan başqa, 10-15 min manata başa gələn poçt şöbələrinin inşası üçün nə qədər pullar silindiyinə dair məlumatınız olacaq. Həmçinin Binəqədidəki bütün poçt şöbələrini necə satdıqları barədə də bilginiz olacaq. Bu əsnada Sübhan Kazımov haqqında da yeni bilgilər əldə etmək üçün araşdırmalarımız davam edir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.