Mahmudovla “ergenekon” yaradan nazirin başı “kötük”də - TƏFSİLAT
Tarix: 30-10-2015, 11:05 | Çap et
Mahmudovla “ergenekon” yaradan nazirin başı “kötük”də - TƏFSİLAT
Azərbaycanın illərdir ən sakit görünən və adı qalmaqallarda, maxinasiya əməliyyatlarında hallanmayan nazirinin başı indi “kötük” üstdədir.

TİA.AZ-a verilən özəl məlumata görə, Əli Abbasovun rəhbəri olduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cinayətkar şəbəkənin episentri kimi fəaliyyət göstərməsinin ifşası onun heç də sakit nazir olmadığını isbat etdi.

Ə.Abbasovun ötən gün işdən çıxarılması haqda xəbərlər təsdiqlənməsə də, bu ehtimal hələ də qüvvədədir. Onun bağışlanmaz xətası sayılan dinləmə əməliyyatları heç də Ə.Abbasova ucuz başa gəlməyəcək. Əldə etdiyimiz son xəbərə görə, Prezident Administrasiyasına çağırılan nazirə sərt xəbərdarlıq olunub və nəzərinə mühüm məqamlar çatdırılıb.

Hazırda çamadan əhval-ruhiyyəsində olan Ə.Abbasov dinləmə qurğuları ilə bağlı aparılan araşdırmaların yekununda həbs oluna bilər. Bu ehtimal istisna deyil və nazirin həyəcan içərisində olmasının əsaslı səbəbləri var.

Belə ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətlərinə şərik olduğu deyilən Ə.Abbasovun RYTN-də “Ergenekon” yaratdığı ifşa edilib. Bu gizli və dövlətin işində yaradılan xain komanda 10 il əvvəlki hadisələri xatırladır.

2005-ci ildə Hacı Məmmədovun “Qarabulaq” əməliyyatı ilə dövlətin içində iri ranqlı adamların hansı amansız cinayətləri törətdikləri üzə çıxdı. 2015-ci ildə isə Əli Abbasovun və ətrafındakı adamların nazirlikdə MTN-lə əlbir olaraq bu qətllərdən heç də az effektli olmayan cinayətlərə əl atdıqları təsbit edildi.

Son bilgilərə görə, nazirlikdə “Ergenekon” yaradan Ə.Abbasov indi qanun qarşısında cavab verməli olacaq. Mənbə iddia edir ki, hadisələrin ilkin mərhələsində BTRİB-in rəisi Beytulla Hüseynov saxlanıldı və haqqında 3 ay həbs qəti-imkan tədbiri seçildi.

Bir neçə gün əvvəl isə həbs olunanlar sırasına nazirliyi Aparat rəhbəri Vidadi Zeynalov da daxil edildi. Ardından növbəti həbs reallaşıb və bu gün nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov saxlanılıb.

Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, rabitə naziri Əli Abbasov da bu həbslərlə bağlı dindirilib. Nazir dünən - oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub.

Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaq edilib. Nazir Əli Abbasov müstəntiqlərin əsasən Vidadi Zeynalovun istintaqa verdiyi ifadələrlə bağlı suallarını cavablandırıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib.

JAM.AZ-a daxil olan məlumatlara görə, RTYN-də həbslər və işdən çıxarılmalar bununla yekunlaşmayacaq. Mənbənin iddiasına görə, yaxın günlərdə nazirliyin tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin direktoru Qəmbər Bəybalayev və Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov da ya işdən çıxarılacaq, ya da həbs olunacaqlar.

Səbəb kimi Qəmbər Bəybalayevin oğlunun MTN-də məhz Mahmudovun sayəsində post tutması, Vəli Mahmudovun isə sabiq nazirin qohumu olması göstərilir. Qeyd edək ki, Azərbaycan dövlət siyasətinə xəyanət edən və ifşa edilən şəbəkənin üzvləri bir-bir de-şifrə olunur. Milli təhlükəsizlik naziri olduğu dövrdə şantajçı, hərbə-zorbaçı qruplaşma təsis edən Eldar Mahmudovun ayrı-ayrı qurumlardakı adamları da üzə çıxmağa başlayıb.

Bu mötəbər orqanlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. Nazir Əli Abbasovun rəhbəri olduğu qurum E.Mahmudovun şantajçı əməliyyatlarında xüsusi rola malik olub.

Mənbə qeyd edir ki, nazirlikdə olan bəzi məmurların E.Mahmudovun şantajçı qruplaşmasına xidmət göstərməsi, ayrı-ayrı şəxsləri dinləyib onların səs yazılarını MTN şefinə çatdırması artıq nəhəng bir mütəşəkkil cinayətkar dəstənin dövlətin içində fəaliyyətinin təsdiqidir. Nazir Ə.Abbasov isə baş verənlərdən ölkə rəhbərliyinə bir kəlmə də görünür ki, çatdırmayıb.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net