Yediyarovun kadrı növbəti saxtakarlığa hazırlaşır
Tarix: 30-09-2015, 10:15 | Çap et
Yediyarovun kadrı növbəti saxtakarlığa hazırlaşır
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da dəfələrlə qeyd olunduğu kimi, Ramiz Yediyarovun rəhbərlik etdiyi Gədəbəy rayonunun təhsil sisteminin acınacaqlı durumu bu gün yerli ictimaiyyəti xüsusilə narahat edən məqamlardan biri kimi çıxış edir. Aldığımız məlumatlarda dönə-dönə təsdiq olunur ki, hazırda Gədəbəy rayonunun demək olar ki, bütün məktəblərində dözülməz vəziyyət bərqərar olub. Məhz Ramiz Yediyarov rayona icra başçısı təyin edildiyi vaxtdan bəri Gədəbəy məktəblərində rüşvətxorluq və korrupsiya son həddə çatıb. Bu vəziyyətlə bağlı dərc etdiyimiz növbəti yazılardan bir neçəsində isə, konkret olaraq Gədəbəy şəhər 1 nömrəli orta məktəbində yer almış özbaşınalıqlar, bu təhsil müəssisəsinə bilavasitə Ramiz Yediyarovun səyləri nəticəsində direktor təyin edilmiş Sevda Musayevanın yol verdiyi qanun pozuntuları xüsusi olaraq diqqət mərkəzinə çəkilmişdi. Həmin yazılarda, aldığımız məlumatlara əsalanaraq, biz göstərmişdik ki, 2013-2014-cü tədris ilində Gədəbəy şəhər 1 saylı orta məktəb üzrə dərslərə davamiyyətin göstəricisi 50%-dən də aşağı olub. Hətta dəfələrlə məktəbdə belə hallar da müşahidə olunub ki, bu və ya digər fənn müəllimi tamamilə boş sinif otağında 45 dəqiqə vaxtını keçirməli olub. Bir müddət əvvəl belə vəziyyətlərdən bir neçəsini məktəbin fiziki tərbiyə müəllimi Abbas Məmmədov telefon vasitəsilə qeydə almışdı. İşlədiyi təhsil müəssisəsində yer almış özbaşınalıqlardan hiddətlənən müəllim bildirmişdi ki, qeydə aldığı görüntüləri Təhsil Nazirliyinə təqdim edəcək. Bundan az müddət sonra isə, Abbas müəllim Gədəbəy Rayon Məhkəməsindən bildiriş vərəqəsi alıb. Məlum olub ki, Sevda Musayeva bir neçə müəllimənin adından məhkəməyə müraciət edərək, onların guya ki, Abbas Məmmədov tərəfindən təhqir olunduqları barədə iddia qaldırıb. Çox maraqlıdır ki, bu müəllimələrin bəziləri həmin iddiadan hətta cavabdehin özündən belə sonra xəbər tutublar...Lakin, Sevda Musayevanın rəhbərlik etdiyi məktəbdə bu kimi qanun pozuntuları artıq çoxdan adi hal alıb. Dünən redaksiyamıza gəlmiş Abbas Məmmədov isə, məktəb direktorunun növbəti özbaşınalıqları barədə açıqlamalar təqdim edib. Şikayətçi bildirir ki, qaydalara əsasən avqust ayının 26-dan sentyabr ayının 15-ə qədər olan müddət ərzində orta məktəblərdə dərs saatlarının bölgüsü artıq keçirilmiş olmalı olduğu halda, Gədəbəy şəhər 1 nömrəli orta məktəbində yeni tədris ilinin ilk günündə nə dərs bölgüsü keçirilmiş, nə də dərs cədvəlləri işlənib hazırlanmamışdı. Abbas müəllim bununla bağlı öz iradlarını Gədəbəy RTŞ-nin müdiri Baxış Nağıyevə bildirdikdə isə, ona cavab verilir ki, taarifləşmə hələ oktyabr ayının axırlarına yaxın təsdiq ediləcək və bu səbəbdən də dərs bölgüsünü aparmağa vaxt var. Bundan sonra Abbas Məmmədov yaranmış vəziyyət barədə Təhsil Nazirliyinə məlumat verir. Təbii ki, nazirlikdə məsələyə tam fərqli münasibət sərgiləyirlər. TN-in Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədovun tapşırığına əsasən Gədəbəy şəhər 1 nömrəli orta məktəbində təcili dərs bölgüsü xüsusunda iclas çağırılır. Sentyabrın 16-da, saat 17:00-da başlanan bu iclasda məktəbin kollektivindən başqa Gədəbəy RTŞ-nin də üç əməkdaşı, inspektorlar İbrahim müəllim, Eldar müəllim və Ramin müəllim iştirak edirlər. İclasda məktəbin bir çox müəllimləri və əlbəttə ki, Abbas Məmmədov da çıxış edərək, Sevda Musayevanın tətbiq etdiyi yarıtmaz iş üsullarına qarşı etirazlarını da bildiriblər. Bundan sonra isə, məktəbin təlim-ərbiyyə işləri üzrə direktor müavini Arzu İsmayılova nə zaman və hansı şəraitdə tərtib olunduğu məlum olmayan dərs saatları bölgüsünü iclasdakılara təqdim edib. Həm də bu zaman bir çox fənnlər üzrə bölgü ümumiyyətlə aparılmayıb. Əslində dərs saatlarının bölgüsü məktəb direktorunun, dərs hissə müdirinin, yerli həmkarlar təşkilatınınsədrinin, metodbirləşmə rəhbərlərinin və fənn müəllimlərinin birgə iştirakları ilə həyata keçirilməlidir. Həm də bu zaman müəllimlərin təhsil səviyyələri də nəzərə alınmalıdır. Məsələn, Abbas Məmmədov ali təhsilli fiziki tərbiyyə müəllimi olduğu halda, son üç ildə yalnız dərsdən kənar məşğələ saatlrını tədris edib. Bu il isə, yalnız Aydın Əhmədovun məsələyə müdaxiləsindən sonra, Abbas müəllimə həftədə 4 saat 5-ci siniflərin idman dərsləri verilib. Halbuki, yuxarı siniflərdə bu fənn orta ixtisas müəllimləri tərəfindən tədris olunur. Təbii ki, Abbas Məmmədov, eləcə də bir neçə digər müəllimlər bütün bu və digər məsələlərlə bağlı öz iradlarını RTŞ-nin iclasda iştirak edən inspektorlarına bildiriblər. Lakin, gözlənildiyi kimi bu da heç bir nəticə verməyib. Sonrakı bir neçə gün ərzində də məktəbdə dərslər cədvəlsiz davam edib. Nəhayət sentyabr ayının 21-də inspektor Ramin müəllim telefonla zəng edərək, Abbas Məmmədovu RTŞ-yə dəvət edib. Abbas müəllim dəvətin səbəbini soruşduqda isə, ona deyilib ki, məsələ onun etdiyi şikayətlə bağlıdır. Lakin təhsil şöbəsində Baxış Nağıyevin kabinetinə girəndə, Abbas müəllim burada tam fərqli mənzərə ilə qarşılaşıb. Şikayətçinin sözlərinə görə, kabinetə RTŞ-nin demək olar bütün əməkdaşları toplaşıblar. Burada isə Abbas Məmmədov üzərində əsil “məhkəmə” qurulub. Ona bildirilib ki, guya məktəbdə keçirilən iclas zamanı Abbas müəllim “dövlət əleyhinə” çıxışlar edib. Maraqlıdır ki, bu iftiranı RTŞ-nin hətta iclasda olmayan bəzi əməkdaşları da “təsdiq ediblər”. Bundan sonra Abbas Məmmədovun etirazları belə dinlənilmədən, onu əmrlə işdən azad ediblər. Əslində Abbas Məmmədova hələ nə əmrin surəti, nə də onun əmək kitabçası təqdim olunmayıb. Halbuki, müəllim məhkəməyə müraciət etmək üçün özü bu sənədləri tələb edir. Amma həmin gündən etibarən Abbas müəllim məktəbə də buraxılmır. Belə görünür ki, Baxış Nağıyev və Sevda Musayeva bu dəfə də bir müddət əvvəl Jalə Səfərova ilə “oynadıqları” qurma oyunu işə salmaq niyyətindədirlər. O zaman Jalə Səfərova qaynatasının Ramiz Yediyarovdan şikayətçi düşməsinin qurbanı olmuşdu. Bu məqsədlə Sevda Musayeva 4 uşaq anası olan bu müəllimənin hətta xəstəlik kağızı olduğunu belə nəzərə almadan, guya ki, üzürsüz səbəbdən işə çıxmamasını bəhanə edərək, yerli həmkarlar təşkilatının saxta iclasında onun işdən azad olunması barədə qərar qəbul etdirmişdi. İndi də məktəbə buraxılmayan Abbas Məmmədovu böyük ehtimalla eyni aqibət gözləyir. Digər tərəfdən isə, aldığımız məlumata görə həmkarlar təşkilatının sədrindən fərqli olaraq, komitənin digər üzvləri o vaxtyol verdikləri haqsızlığa görə vicdan əzabı çəkirlər və bu dəfə artıq heç bir saxta protokola imza atmayacaqlarını da qəti surətdə bəyan ediblər...





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net