Şəki Telekommunikasiya Qovşağı rəisinin birtərəfli mövqeyi
Tarix: 9-09-2015, 11:41 |
Çap et
Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədovun qeyri-qənaətbəxş fəaliyyətinə dair aldığımız məlumatlar əsasında hazırladığımız tənqidi materialı təqdim etmişdik. Bu xüsusda yerli mənbələrin təqdim etdikləri açıqlamalarda, telekommunikasiya qovşağının fəaliyyətində müşahidə olunan çeşidli nöqsanlardan, eləcə də Məhəmməd Əhmədovun öz işində yol verdiyi bir sıra qanun pozuntularından bəhs edilirdi. Qeyd edək ki, materialın dərcindən sonra Məhəmməd müəllim telefonla da olsa (həm də bizim zəngimiz sayəsində), bəzi məqamlara münasibət bildirib. Amma təəssüflər olsun ki, Şəki TKQ rəisinin münasibət bildirdiyi məqamlar daha çox şəxsi xarakter daşıyan məlumatlar xüsusunda oldu. Belə ki, məlumatı təqdim edən mənbənin iddiasına görə, tutduğu vəzifənin ona verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə, Məhəmməd Əhmədov bir çox maxinasiyalara yol vermiş və nəticədə Şəki TKQ-na rəhbərlik etdiyi illər ərzində rayonun ən zəngin məmurlarından birinə çevrilməsinə səbəb olmuşdur. Bu xüsusda məlumatda bildirilirdi ki, M.Əhmədovun Şəki TQK-nın yerləşdiyi binanın qarşısındakı binada hər biri 3 otaqlı olmaqla 2 mənzili və böyük bir kişi geyimləri dükanı, Soyuqbulaq deyilən ərazidə villası, Şəki bazarında qızıl mağazası var. Bundan başqa isə, onun “Gülab evi” istiqamətində gedən yolun üstündə də icarəyə verdiyi daha 2 mağasasının olduğu və Şəki şəhəri, Mümtaz küçəsində də daha bir dükanının olduğu bildirilir. Bu iddialara cavab verən Məhəmməd müəllim isə, onun ümumiyyətlə heç bir obyektinin olmadığını bildirdi. Daha sonra aldığımız məlumatlarda vurğulanmışdı ki, qovşağ rəisi iş vaxtının çox hissəsini rayonun səfalı guşələrində yerləşən əyləncə-istirahət mərkəzlərində keçirməyə üstünlük verir. Ona həvalə olunmuş strukturun işini kiçik rəhbər işçilər yönləndirdikləri səbəbindən, yuxarı instansiyalara təqdm olunan hesabat və məruzələrin məzmunu belə bu məmur üçün qeyri-müəyyən və anlaşılmaz olaraq qalır. Bu məsələyə də münasibət bildirən Məhəmməd müəllim qeyd etdi ki, o, dindar bir insan olduğu üçün ümumiyyətlə əyləncə-istirahət mərkəzlərinə yolunu salmır və belə məkanlardan uzaq durmağa çalışır. Biz obyektivliyi gözləmək naminə, Məhəmməd Əhmədova söz verdik ki, onun mövqeyini qəzetimizdə dərc edəcəyik və sözümüzü tutduq. Amma təəssüflər olsun ki, Məhəmməd müəllim mənbələr tərəfindən irəli sürülən və mahiyyət etibarı ilə bizi daha çox maraqlandıran digər ittihamlara dair heç bir açıqlama vermədi. Bu ittihamlar isə, razılaşaq ki, kifayət qədər ciddi səslənirlər. Belə ki, açıqlamalarda Məhəmməd Əhmədov tərəfindən vətəndaşların evlərinə telefon xətti çəkilişi zamanı bir çox maxinasiyalara yol verildiyi iddia olunur. Məlum olduğu kimi, xəttin çəkilişi zamanı istifadə olunan telefon kabelinin ilk 105 metri dövlət tərəfindən verilir. Yalnız bundan artıq kabel tələb olunduqda, abonent qalan hissənin dəyərini ödəməlidir. Lakin, məlumatlara görə Məhəmməd Əhmədov bu qaydaya heç bir halda əməl etmir. Hər dəfə vətəndaşlara kabelin olmadığını deyən qovşağ rəisi, abonentləri həmin kabeli almağa məcbur edir. Bu yolla “qənaət” olunan kabel isə, Şəkinin dükanlarında satışa çıxarılır. Həmçinin məlumatlarda bildirilir ki, vətəndaşlar öz evlərinə telefon xətti çəkdirmək istəyən zaman Məhəmməd Əhmədovun başqa rüşvət tələblərilə də rastlaşırlar. Belə ki, bu məqsədlə vətəndaşların ödəməli olduqları dövlət rüsumu 40 manat olduğu halda, Şəki TKQ-nın rəhbərliyi mərkəzdən bir qədər uzaq olan ərazilərə telefon xəttinin çəkilişi üçün 200-300 manat pul tələb edir...