Əjdər Kərimovun səyləri boşa çıxmadı
Tarix: 7-09-2015, 10:24 | Çap et
Əjdər Kərimovun səyləri boşa çıxmadı
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Məhz elə bu səbəbdən də, xüsusən bəzi rayon və bölgələrimizdə təhsilin mövcud durumu ilə bağlı problemlər yerli ictimaiyyəti getdikcə daha çox narahat etməkdədir. Həmçinin redaksiyamıza son vaxtlar Neftçaladan daxil olan məlumatlarda bu rayonun təhsil sistemində bir çox nöqsanların müşahidə olunduğu bildirilir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, Neftçala Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Əjdər Kərimovunun öz işində yol verdiyi ciddi qanun pozuntuları yerli sakinləri son dərəcə narahat etməkdədir. Bu xüsusda aldığımız məlumatlarda 2013 – 2014-cü tədris ili ərzində Neftçala təhsilində, xüsusilə orta məktəblərin fəaliyyətlərində müşahidə olunan bir çox nöqsanlardan bəhs olunmuşdu. Açıqlamalarda qeyd olunur ki, RTŞ müdirinin yarıtmaz fəaliyyəti ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, Əjdər Kərimov bütün bunlardan xəbərdardır. Lakin bu məsələlərdə onun da öz marağı olduğu üçün heç kimi cəzalandırmır. Elə müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Bir çox mənbələr isə iddia edirlər ki, Əjdər Kərimov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Rayondakı mənbələr israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. Aldığımız şikayət məktublarından birində isə iddia olunur ki, Əjdər Kərimov müəllimlərin may-iyun əmək haqqlarından 25-30 manat toplanmagına sərəncam verib. Həmçinin taarifləşmə cədvəllərində böyük maxinasiyalar aparan şöbə müdiri bu yolla da büdcədən ayrılan dövlət vəsaitlərini mənimsəyir. Bu kimi maxinasiyalarını daha rahat həyata keçirə bilmək üçün də RTŞ müdiri rayon məktəblərinə öz adamlarını direktor təyin edir. Öz növbələrində bu direktorlar da, rəhbərlik etdikləri təhsil müəssisələrində bir çox fəsadların yaşanmasına səbəb olurlar. Bu xüsusda bir müddət əvvəl aldığımız məlumatlarda Neftçala şəhəri 1 saylı orta məktəbdə cərəyan edən neqativ hadisələr barədə açıqlamalar təqdimedilmişdi. Qeyd olunmuşdu ki, bu orta təhsil müəssisəsinə bu ilin fevral ayında direktor təyin edilmiş Ülviyyə Abdullayeva, hələ ki, vəzifədə təsdiq olunmasa da, artıq rəhbərlik etdiyi məktəbdə bir sıra qaydaları tətbiq edə bilmişdir. Ülviyyə xanımın tətbiq etdiyi qaydalar isə artıq bu təhsil müəssisəsində bir sıra qanunauzluqlara səbəb olmuş, nəticədə isə şagird və valideyn hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması halları məktəbin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Eyni zamanda da aldığımız məlumatlarda Ülviyyə Abdullayevanın direktor təyin olunmasının bəzi təfərrüatlarına dair maraqlı açıqlamalar təqdim edilmişdi. Belə ki, iddiaya görə, bu təyinata qədər 1 saylı orta məktəbdə biologiya müəlliməsi işləmiş və indiyədək ümumiyyətlə heç bir rəhbər vəzifədə iş təcrübəsi olmayan Ülviyyə Abdullayevanın birdən-birə direktor təyin edilməsində Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun və Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın xüsusi səyləri olub. Bunun müqabilində isə, Ülviyyə Abdullayeva bu iki şəxsə külli-miqdarda pul ödəyib. Məlum olduğu kimi, qaydalara görə məktəb direktoru vəzifəsinə təyin olunan namizədlər Təhsil Nazirliyində müvafiq imtahan verməlidirlər. Ötən saylarımızda qeyd olunduğu kimi, Əjdər Kərimov imtahanın nəticələri ilə bağlı heç bir problemin olmayacağına Ülviyyə xanımı inandırmışdı. Belə ki, RTŞ müdiri bütün məsələləri Təhsil nazirinin müavini Firudin Qurbanov səviyyəsində artıq həll etdiyini bildirmişdi. Məlumatı təqdim edən mənbə bu məqamı da vurğulamışdı ki, məsələnin tam həlli üçün Ülviyyə Abdullayeva son bir “şərt”ə də əməl etməli, daha dəqiq desək, yuxarı təqdim etmək üçün tələb olunan 10 min manatı da Əjdər müəllimə verməlidir. Yeni aldığımız məlumatda isə, artıq Ülviyyə Abdullayevanın imahanı “uğurla” verdiyi və 1 saylı orta məktəbin direktoru vəzifəsinə təyinatının təsdiq olunduğu bildirilir...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net