36 saylı poliklinikada “ölü canlar”ın reanimasiyası
Tarix: 4-08-2015, 12:08 | Çap et
36 saylı poliklinikada “ölü canlar”ın reanimasiyası
Dərc etdiyimiz materiallarda biz dəfələrlə belə bir fikri qeyd etmişik ki, bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin bu da etiraf olunmalıdır ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Həmçinin dövlətimiz tərəfindən bütün ölkə ərazisində mövcud səhiyyə müəssisələrinin daim yenilənməsinə və müasir tibb avadanlıqları ilə təchiz olunmasına yönəldilmiş əhəmiyyətli tədbirlər də heç də hər zaman gözlənilən effekti vermir. Bu isə, ilk növbədə ayrı-ayrılıqda götürülmüş tibb müəssisələrinə rəhbərliyin bəzən hələ də səriştəsiz kadrlar və korrupsioner məmurlar tərəfindən həyata keçirilməsi səbəbindən baş verir. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs olunur. Məlumatları təqdim edən mənbə baş həkim Ramidə İbrahimovanın rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. İlk növbədə açıqlamalarda qeyd olunur ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin ödənişsiz olması ölkə qanunları ilə nəzərdə tutulduğu halda, xəstələr 36 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 36 saylı poliklinikada bu gün yaranmış vəziyyətdən şikayətlənən digər qəsəbə sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Bu xüsusda məlumatlarda vurğulanır ki, 36 saylı poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib. Bu barədə məlumatlarda deyilir ki, poliklinikada müəyyən olunmuş məbləği ödəməklə, heç bir müayinədən belə keçmədən, tələb oluynan istənilən arayışı dərhal almaq olur. Hətta müəyyən maxinasiyalar vasitəsilə arayışların köhnə tarixlə qeydiyyatına nail olmaq mümkündür. Təbii ki, bu zaman ödənilən məbləğ bir neçə dəfə artıq olacaq. Digər tərəfdən isə, pul ödəmədikdə, bu poliklinikada həqiqi xəstəlik səbəbindən belə bülleten açdırmaq və ya sağlamlıq haqda arayış almaq demək olar ki, mümkünsüzdür. Daxil olan digər bir məlumatda isə 36 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, baş həkim Ramidə İbrahimova bu tibb müəssisəsinin kadrlar üzrə çütəxəssisi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə, bu “işçilərin” əməkhaqlarını mənimsəyirlər. Belə ki, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar. Aldığımız digər bir məlumatda isə Ramidə İbrahimovanın bəzi vətəndaşlara Tibbi Sosial Ekspert Komissiyalarına təqdim etmək üçün verdiyi əlillik barədə arayışın alınması üçün irəli sürülən tələblərdən bəhs edilir. Bildirilir ki, bir illik müddətə verilən belə arayışı almaq üçün baş həkimə “xəstə”nin şəxsiyyət vəsiqəsinin surətini və 250-300 manat civarında pul vermək kifayətdir...





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net