Goranboyda büdcə pullarına rəsmən divan tutulur
Tarix: 30-06-2015, 12:32 | Çap et
Goranboyda büdcə pullarına rəsmən divan tutulur
Regionların sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq işləri bölgələrdə geniş vüsət alıb. Rayonlarımızın abadlaşması və vətəndaşların sosial problemlərinin həlli üçün dövlət büdcəsindən hər il vəsait ayrılır. Dövlət qayğısının nəticəsidir ki, hazırda əksər rayonlarımızda insanların rifah halı yüksək səviyyəyə çatdırılıb. Lakin bəzi istisnalar var.

Belə ki, bir sıra yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri büdcədən ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir, üstəlik əhali üçün əlavə problemlər yaradırlar. Azərbaycanın qərb bölgəsində yerləşən Goranboy rayonunda da son vaxtlar ciddi problemlər, o cümlədən narazılıq halları müşahidə olunmaqdadır. Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev işində yol verdiyi nöqsanlara görə dəfələrlə medianın diqqət mərkəzinə düşüb. Amma hansısa qüvvələrin köməkliyi ilə hər dəfə sudan quru çıxmağı bacarıb. Kimlərinsə himayəsinə arxayın olan icra başçısı qanuna zidd əməllərinin sayını hər gün artırır. Bunun ağrı-acısını isə goranboylular yaşamalı olurlar. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, icra başçısı prezident tərəfindən Goranboyun yollarının təmirinə, abadlıq və digər işlərin görülməsinə ayrılan pulları lazımi şəkildə xərcləmir: "Nizaməddin Quliyev artıq altıncı ildir ki, rayonun icra başçısı vəzifəsini tutur. O arxada qalan müddət ərzində yerli camaatın etimadını qazana bilməyib. Barmaqla sayılacaq qədər olan insanları nəzərə almasaq, icra hakiminin fəaliyyətindən heç kim razı deyil. Ona görə ki, bu adam vəzifəyə qoyulandan indiyə qədər ancaq özü üçün çalışıb. Goranboyun mərkəzində və əksər kəndlərində acınacaqlı durum yaşanır. Ötən illər ərzində dövlət büdcəsindən rayonda təmir-tikinti, abadlıq işlərinin görülməsindən ötrü milyonlarla vəsait ayrılıb. Goranboy Rayon İcra Hakimiyyətinin keçən illərdəki hesabatlarında həmin vəsaitlərin rayonun mərkəzi küçələrində işıqlandırma sistemlərinin yenidən qurulmasına, təhlükəsizlik hasarlarının çəkilməsinə, sıradan çıxmış yolların asfaltlanmasına, əhalinin suya, işığa və qaza olan tələbatının ödənilməsinə xərcləndiyi qeyd olunub. İcra hakimiyyətinin hesabatlarında göstərilən rəqəmlər reallığı əks etdirmir. İcra hakimiyyətinin rəsmiləri görülməyən işləri də sənədlərə əlavə edib şişirtmələrə yol veriblər. Müvafiq araşdırma aparılsa, bunların hamısı üzə çıxar. Rayonun inkişafı məqsədilə ayrılan büdcə vəsaitləri göyə sovrulur. Fikir vermisinizsə, digər rayonlarla müqayisədə Goranboyda abadlıq işləri çox zəif gedir, demək olar ki, getmir. Bunun hamısının səbəbkarı icra başçısıdır. O şəxsi biznesinin genişlənməsi istiqamətində böyük çaba sərf edir. Yerli camaat min bir problemin əsirinə çevrilib, amma bu məmur insanları yox, özünü fikirləşir". Etibarlı mənbənin verdiyi məlumatda Goranboyda son altı ildə görülən abadlıq işlərinin keyfiyyətsizliyindən də söz açılır. İddia edilir ki, büdcədən ayrılan vəsaitlərin hamısı nəzərdə tutulan layihələrə xərclənmir: "Sənədləşmədə məbləği bir neçə dəfə şişirdirlər. Belə olan təqdirdə dövlətin büdcəsinə külli miqdarda ziyan dəyir. Rayonda məmur özbaşınalığının acı nəticəsi göz qabağındadır. Keyfiyyətsiz görülən işlər qısa müddətdə öz fəsadını göstərir. Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında bir müddət əvvəl təhlükəsizlik hasarı çəkilmişdi. Heç üstündən bir neçə ay keçməmiş hasarın bir hissəsi dağılıb sıradan çıxdı. Hasarın çəkilməsində məqsəd həm pul silmək, həm də hasarın arxasında qalan bərbad ərazilərin gizlədilməsidir. Sənəddə hasarın çəkilməsinə böyük miqdarda pul sərf edildiyi göstərilib. Buna baxmayaraq, həmin hasar heç bir il duruş gətirməyib. Onun aşan hissəsi elə o vəziyyətdə də qalıb. Rayon icra hakimiyyətinin əməkdaşları gəlib maraqlanmayıblar. Bundan başqa, yol kənarlarında əkilən kol bitkiləri və ağaclar quruyaraq məhv olur. Çünki bu yaşıllıqları vaxtında sulamırlar. Bütün bunların qarşılığında Nizaməddin Quliyev heç nə olmayıbmış kimi hərəkət edir. Onu da deyim ki, başçı özünə yeni qazanc mənbəyi tapıb. İcra nümayəndələrinin hamısı bu dəqiqə çətin vəziyyətlə üzləşiblər. Onlar bu ilin indiki dövrünə kimi vətəndaşlara verdikləri hər arayışa görə icra başçısına "hesabat" təqdim etməlidirlər. Hər arayışa görə icra başçısının nümayəndələri 1 dəfə "minnətdarlıq" bildirməlidir. Əks halda, həmin şəxslər başçının qəzəbinə tuş gələ bilər". Goranboyda hökm sürən problemlər bununla bitmir. Bizə çatan bilgilərə görə, rayonun mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə insanların dolanışıq səviyyəsi olduqca aşağıdır. Fəslindən asılı olmayaraq həmin kəndlərə elektrik enerjisinin və içməli suyun fasilələrlə verildiyi bildirilir. Mavi yanacağa gəldikdə bir çox kənddə əhalinin qaza olan tələbatının ödənmədiyi qeyd olunur. Növbəti saylarımızda rayonda baş alıb gedən məmur özbaşınalığı və icra başçısının varidatı haqda ətraflı məlumat verəcəyik. İnanırıq ki, yuxarı instansiyalar büdcə pullarını göyə sovurmaqda ittiham edilən icra başçısının fəaliyyətinə nəzarəti gücləndirəcək və onun haqqında bir tədbir görəcəklər.
Gündəlik Bakı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net