[b]
Yevlax rayonunun Tanrıqulular kənd sakinləri İsmayılova Könül Şahhüseyn qızı və Məmmədova Məhluqə Mikayıl qızı respublikanın daxili işlər naziri R.Usubova ünvanlı şikayət məktubunun bir surətini də “Təzadlar”a göndərib. Aşağıda ixtisarla təqdim olunur:
Hörmətli cənab nazir!
Bildiririk ki, biz 2 qonşu, hər ikimiz 3 uşaq anası olaraq uzun illərdir digər qonşu İsmayılov İsmayıl Saleh oğlu və onun həyat yoldaşı İsmayılova Elmira Oruc qızının təqsiri üzündən kəskin münaqişə şəraitində yaşayırıq. İsmayılov İsmayıl Saleh oğlu 2013-ci ildən 50 ildir istifadə etdiyimiz suvarma arxını ləğv edərək bizim həyətlərə su verilməsini dayandırmışdır. Bundan əlavə o, özünə məxsus traktor və 2 ədəd traktor qoşqusu ilə qəsdən yolu kəsərək bizim öz həyətimizə sərbəst giriş-çıxışımıza əngəllər yaradır. Hər gün İsmayılov İsmayıl Saleh oğlu, həyat yoldaşı İsmayılova Elmira Oruc qızı və onların oğlu İsmayılov Elvin İsmayıl oğlu nalayıq söyüşlərlə bizi təhqir edirlər və ölümlə hədələyirlər. 2014-cü ilin oktyabrında İsmayılov İsmayıl Saleh oğlu özünə məxsus “Volqa-Qaz 24” markalı, 66 BD 042 dövlət qeydiyyat nişanlı avtomobillə bizlərdən biri - Məmmədova Məhluqə Mikayıl qızının həyat yoldaşı Cəfərov Ziyad Oruc oğluna məxsus 3 baş qoyunu qəsdən vurub öldürərək ailəmizə 450 manat maddi zərər vurmuşdur. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək 2 dəfə şikayət etməyimizə baxmayaraq Yevlax RPŞ-nin İnzibati Ərazi üzrə polis sahə rəisi, polis mayoru Yaşa Əşrəfov hadisə yerinə gəlməkdən imtina etmişdir. Sonradan Cəfərov Ziyad Oruc oğlu Yevlax RPŞ-nə dəvət edilmiş və orada şöbənin ictimai təhlükəsizlik bölməsinin(İTB) rəisi, polis mayoru Əfqan Qurbanov tərəfindən izahatı alınmış və rəsmi məktubla işin mülki xarakteri olduğunu bildirmiş və məhkəməyə müraciət etməyimizi tövsiyə etmişlər. Biz məcburiyyət qarşısında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişik. Suvarma arxının bərpa edilməsi barədə Yevlax rayon məhkəməsində hakim Vəzirxan Məlikovun qəbul etdiyi qətnamə 2 aydır ki, bizə göndərilmir və icraata yönəldilmir. Qoyunların qəsdən vurulub öldürülməsi faktı üzrə Yevlax rayon məhkəməsində hakim Qələmdar Abbasovun sədrliyi ilə keçən prosesdə hadisə yerinə gəlməkdən imtina edən polis mayoru Yaşa Əşrəfov yalançı şahidlik edərək hadisə yerinə gəldiyini və belə bir hadisənin olmadığını bildirmiş, bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 328.4. maddəsindəki “şahidin andını” bilərəkdən pozmuş və beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1. (bilə-bilə yalan ifadə vermə) maddəsinə tövsif olunan cinayət əməlini törətmişdir. Məhkəməyə şahid qismində dəvət olunan Ağayev Niyaməddin Şahin oğlu və Hacıyev Razim Yusif oğlu ümumiyyətlə, Yevlax rayonu Tanrıqulular kəndində yaşamırlar və hakim Q.Abbasov tərəfindən bilərəkdən yalan ifadə verməyə onlara icazə verilmiş və hakim cavabdeh İsmayılov İsmayıl Saleh oğlunun xeyrinə qətnamə qəbul etmişdir. Hakim Q.Abbasov həmin 2 nəfərin yalançı şahidlər olduğunu əvvəlcədən bildiyinə görə həmin şəxslərin yaşayış və qeydiyyat ünvanlarını da bilərəkdən məqsədli şəkildə qətnamədə göstərməmişdir. Cəfərov Ziyad Oruc oğlunun eşitmə problem var, yəni onun qulaqları ağır eşidir, ona görə də o, məhkəmə prosesində şahidlərin nə dediyini eşitməmişdir. Yalnız 14 mart 2015-ci ildə məhkəmə qətnaməsini poçt vasitəsi ilə rəsmi surətdə alıb-oxuduqdan sonra şahidlərin məhkəmədə nə dediklərindən xəbər tutmuşdur.
“Açıq şəkildə etiraf edirlər ki, Yevlax RPŞ-də rəisin xidmət üzrə müavini, polkovnik-leytenat Natiq Həsənov və İTB-nin rəisi, mayor Əfqan Qurbanov onları himayə edirlər”
Hakim Q.Abbasov Cəfərov Ziyad Oruc oğlunun eşitmə probleminin olduğunu bildiyi halda şahidlərin ifadələrini lazımınca eşidib müvafiq reaksiya vermək üçün ona şərait yaratmamışdır. Beləliklə, hakim Q.Abbasov tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında KONVENSİYANIN (Roma, 04 noyabr 1950-ci il) 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırılması hüququ) “d” bəndinin tələbləri kobud surətdə pozulmuşdur.
Bütün bu olaylardan sonra da İsmayılov İsmayıl Saleh oğlu və onun ailə üzvləri bizi təhqir etməkdə və nalayiq söyüşlərlə söyməkdə bu gün də davam edirlər. Onlar açıq şəkildə etiraf edirlər ki, Yevlax RPŞ-də rəisin xidmət üzrə müavini, polkovnik-leytenat Natiq Həsənov və İTB-nin rəisi, mayor Əfqan Qurbanov onları himayə edirlər və onların hər cür qanunsuz hərəkətləri həmin vəzifəli şəxslər tərəfindən təqdir olunur. Həmin vəzifəli şəxslər “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin” 18-ci maddəsini kobud surətdə pozaraq həmişə qanunları pozaraq münaqişə yaradan İsmayılov İsmayıl Saleh oğlu ilə şəxsi əlaqələr qurur və onun xidmətindən yararlanırlar. Ona görə də əvvəlki sahə rəisi Yaşa Əşrəfov və indiki sahə rəisi Nəsrəddin Səmədov da yuxarı rəis heyətinin tapşırığına əsasən İsmayılov İsmayıl Saleh oğlunu hər vasitə ilə müdafiə edirlər. Dəfələrlə Yevlax RPŞ-nə, Yevlax rayon Prokurorluğuna və rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etsək də heç bir tədbir görülmür.
[b]“Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsində baş növbətçi, mayor Qorxmaz Qurbanov olduqça qeyri-etik və
aqressiv formada bizi növbətçi hissədən qovmuşdur”
Münaqişəli ailələrin qeydiyyatı haqqında Nazir cənab R.Usubovun müvafiq əmri olmasına baxmayaraq Yevlax RPŞ heç bir tədbir görmür, müəmmalı, məqsədli və təmənnalı şəkildə bu məsələnin daha da mürəkkəbləşdirilərək məhz onların maraqlarına uyğun şəkildə inkişaf etməsinə şərait yaradırlar...
Şikayətçilər nazir R.Usubova xitabən yazırlar:
- Çox hörmətli cənab nazir!
Biz hər ikimiz 21 may 2015-ci ildə səhər saat 10 radələrində Yevlax RPŞ-nin rəisi, polkovnik N.Məşədiyevin qəbuluna düşmək üçün şöbəyə getmişik. Şöbənin növbətçi hissəsində baş növbətçi, mayor Qorxmaz Qurbanov olduqça qeyri-etik və aqressiv formada bizi növbətçi hissədən qovmuşdur. Rəisin qəbul günləri növbətçi hissədə asılmış qrafikdə həftənin II-V günlər göstərilməsinə baxmayaraq, mayor Q.Qurbanov rəisin qəbul gününü dəyişərək həftənin V günü olduğunu qəsdən bildirərək bizi növbətçi hissədən qovub çıxarmışdır. Sonradan təkidli tələbimizdən sonra bizi xidmət üzrə rəis müavini, polkovnik-leytenant N.Həsənovun qəbuluna göndərmişdir, lakin nə qədər gözləsək də N.Həsənov da bizi qəbul etməmişdir. Sanki Yevlax RPŞ-də bizi məcbur edirdilər ki, Bakıya üz tutaq. Niyə? Bəs rayon şöbələri nədən ötrüdür? Sovet dönəmində məşhur bir şuar var idi: “Mənim milisim məni qoruyur”. İndi isə Yevlax RPŞ-də bu şuarı dəyişərək şöbənin rəhbərliyini vətəndaşdan qoruyurlar. Bütün bu qanunsuz hərəkətlər insan hüquq və azadlıqlarının pozulmasına, əməliyyat-axtarış fəaliyyəti subyektinin tabe olduğu orqanların müsbət imicinə xələl gətirən çox ciddi hüquq pozmalardır. Baş növbətçi Qorxmaz Qurbanov qeyri-etik və aqressiv hərəkətləri ilə şöbədə “PSİXOPAT” ləqəbini qazanmışdır. Onun nizamsız əl-qol hərəkətləri, qışqırıqlı və qeyri-etik danışıq tərzi bu şəxsin psixi durumunda ciddi problemlər olduğunu sübut edir. İnzibati ərazi üzrə sabiq polis sahə rəisi, mayor Yaşa Əşrəfov hal-hazırda rayonun Aran qəsəbəsi ərazisində inşa edilən böyük balıqçılıq kompleksinə rəhbərlik edir. Onun bu hərəkətləri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9.2. və 9.3. maddələrinin tələblərinin kobud surətdə pozulması ilə müşahidə olunan ciddi korrupsiya hüquqpozmaları kimi qiymətləndirilməli və müvafiq hüquqi qiymət verilməlidir. Həmin qanunun 9.3.3. maddəsində nəzərdə tutulduğu kimi Y.Əşrəfov “bilavasitə şəxsən, başqa və ya uydurma şəxslər vasitəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur”. Polis işçilərinin qanunsuz hərəkətlərindən etdiyimiz şikayətlərə rayon prokurorluğu da başdansovdu cavablar verir. Haqqında xidməti yoxlama aparılmalı olan polis işçilərini “sudan quru çıxarmaq üçün” Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi daha çox canfəşanlıq göstərir. Aidiyyatı üzrə bu məsələ Nazirliyin Daxili Təhqiqatlar İdarəsinin kurasiyasına aid olmasına baxmayaraq kimlərisə məsuliyyətdən yayındırmaq üçün əvvəlcə onu bu idarənin yoxlamasından yayındırırlar.
Cənab nazir! Yuxarıdakıları nəzərə alaraq Yevlax rayon polis şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) lazımi hüquqi qiymət verilməsinə dair tapşırıqlar verilməsini xahiş edirik.
Redaksiyadan: Dünən Yevlax RPŞ ilə əlaqə saxladıq və rəis N.Məşədiyevlə danışmaq, məsələyə dair mövqeyini öyrənmək istədik. Lakin növbətçi hissədən adını bildirməyən polis əməkdaşı rəisin yerində olmadığını söylədi. Hiss olunurdu ki, qəsdən belə deyirdi. Çünki məqsəd və məramımızı bildirməmiş, kimliyimizi soruşmamış dərhal “Rəis yoxdur” deyib telefonu söndürdü...
Mövzuya qayıdacağıq.[/b]