Malların gömrükdən buraxılışı təkmilləşdirilir, müraciətə 1 gün müddətində baxılacaq
Tarix: 13-12-2022, 12:07 | Çap et


Malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunur.

Vertikal.az APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.

Başqa sözlə, layihəyə əsasən, bəyannaməçinin malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:

- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

- bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Məcəllədə nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;

- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

Qeyd edək ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə (Gömrük dəyərinə düzəlişlərin edilməsi) əsasən, hazırda apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Artıq tək yazılı deyil, həm də elektron bildiriş təqdim ediləcək. Eyni zamanda buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.

Bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdiriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net