Azərbaycanda ilk dəfə sosial sığorta haqları subsidiyalaşdırılacaq
Tarix: 11-11-2022, 14:48 | Çap et


“Azad edilmiş ərazilərlə əlaqədar geniş güzəşt paketi hazırlanıb”.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ölkəmizdə ilk dəfə olaraq sosial sığorta haqlarının subsidiyalaşdırılması təcrübəsi tətbiq olunacaq: “Bu da orada çalışanlar üçün çox böyük qənaətdir. Bu, paralel olaraq həmin ərazilərdə işləyən işçi qüvvəsinə əməkhaqlarının 20 % məbləğində əlavələrin edilməsinə imkan yaradacaq. Həmin ərazilərə işləməyə gedən şəxslərə birdəfəlik ödənişlər ediləcək. Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə isə azad edilmiş ərazilərdə çalışan sahibkarlara kvota tətbiq edilməyəcək və iş icazəsinin məbləğində 50 % endirim ediləcək. Bütün bu paket azad edilmiş ərazilərdə iqtisadi inkişafın stimullaşdırılması baxımından çox önəmlidir”.

Qeyd edək ki, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:

- sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:

- 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;

- 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;

- 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;

-2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.

- muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının - 100 faizi.

Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Miqrasiya Məcəlləsinə təklif edilən yeni - 69.1-1-ci maddəyə əsasən isə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna ilə, qüvvədə olan qanunvericiliyə əsasən yenə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ümumi əsaslarla iş icazəsi 1 il müddətinə verilə, onun müddətinin isə hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə görə iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyaya keçirilir. Təklif edilən dəyişiklik bu qaydanın Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilməməsini nəzərdə tutur.

Təklif edilən dəyişikliklərin 5 il müddətinə - 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net