Dərslər nə vaxt başlasın? - AKTUAL
Tarix: 22-06-2022, 16:04 | Çap et
 Dərslər nə vaxt başlasın? - AKTUAL

Son günlər dərslərin başlanma tarixi yenidən gündəmə gəlib.

Buna səbəb isə bir neçə müddətdir ki, dərslərin başa çatması, buraxılış imtahanlarının keçirilməsi ilə yanaşı məktəblərdə kitabların toplanmasıdır ki, nəticədə bu müddətdə şagirdlər məktəbdə sadəcə boş vaxt keçirirdilər.

Hətta bəzi məktəblərdə şagird davamiyyəti kəskin azaldığı bildirilirdi. Belə vəziyyətin yaranmasından isə həm valideynlərin, həm də şagirdlərin narazılığı o idi ki, dərslər baş çatsa da isti hava şəraiti, əlavə xərc problem yaradır.

Təhsil ilinin sentyabrın 1-də başlaması ilə bağlı cəmiyyət iki hissəyə bölünüb. Bu gün Milli Məclisdə çıxışı zamanı millət vəkili Fazil Mustafa bildirib ki, avqustun 21-də müəllimlər işə çıxır:

“Amma sentyabrın 15-nə qədər maaş alır. Azərbaycan müəlliminə nə qədər çox pul verilsə, halal xoşudur. Amma olmaz ki, elə sentyabrın 1-də dərs başlasın və müəllimlər də o vaxtdan maaş alsın?"

O qeyd edib ki, Bilik Gününü sentyabrın 15-də müəyyən edənlər isti havanı əsas gətirirlər:

"Həmin şəxsləri Afrikada vəzifəyə təyin etsələr, orada tədrisi qadağan edərlər. Yenə məsələni qaldırmaq istəyirəm ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi uyğundur. Onsuz da mayın sonunda dərslər dayanır. Müəllimlər iyunun 15-nə qədər boş qalırlar".

Onu da qeyd edək bəzi təhsil ekspertləri təhsil müddətinin hazırkı tarixdə qalmasının, bəziləri isə sovet dövründə olan köhnə tarixə qayıtmasının tərəfdarıdırlar.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələnin təmsil etdiyi qurumun səlahiyyətində olmadığını deyib:

“Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Nazirlik olaraq, biz hər hansı şərh verə bilmərik". Dia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Şahlar Əsgərov Cebhe.info-ya bildirdi ki, sovet dövləti böyük idi və bu dövlətdə dərslərin sentyabrda başlaması əhəmiyyətli idi:

“Belə ki, sovet dövlətlətinin bir tərəfində yaz olanda, digər tərəfində qış olurdu. Ona görə də sentyabrn 1-i və may ayının 25-i o dövlət üçün yaxşı idi.

Ancaq Azərbaycan balaca ölkədir və sentyabrın 1-i çox istidir. Sentyabrın 15-də isə temperatur 1-2 dərəcə enir. Dərsləri rahat keçmək mümkündür. Beləliklə, 15 gün sentyabr ayında çəkilirsə, 14 gün də iyun ayında geri çəkilir. Dövlət nə qədər şagirdlərin, tələbələrin vaxtına nəzarət edirsə, bir o qədər qüdrətlidir.

Mən dərslərin sentyabrın 15-də başlamasının tərəfdarıyam. Ölkədə Sosial Tədqiqatlar Mərkəzi var. O analiz etsin və qərarı elan etsin ki, görək Azərbaycan xalqı üçün hansı yaxşıdır. Baş nazir də onu təsdiq etsin. Bu fikrə ayrı-ayrı şəxslərin fikir bildirməsi ilə heç bir nəticə əldə olunmayacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net