“TEKNOFEST Azərbaycan” Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümayişidir
Tarix: 1-06-2022, 17:37 | Çap et


Respublikamızda öz möhtəşəmliyi və əlamətdarlığı ilə yadda qalan “TEKNOFEST Azərbaycan” festivalı baş tutdu. Festivala maraq çox böyük idi. Demək olar ki, respublikamızın hər yerindən ziyarətçilər bura axışırdı. Həmçinin festivalın peşəkarlar tərəfindən hazırlanması və keçirilməsi onun möhtəşəmliyini daha da artırırdı. Festival çərçivəsində keçirilən müsabiqələr, şagirdlərin və tələbələrin böyük şövqlə və istəklə bura qatılması, özlərini sınaması gənclərimizin elmə, müasir texnologiyalara artan marağını bir daha təsdiq edir. Pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə ideyalarını reallaşdırmaq imkanı verən festival onlarda elm naminə çalışmaq, yeniliklər etmək, sağlam mühitdə rəqabət aparmaq kimi mədəniyyətlərin formalaşmasında mühüm rol oynayacaq. İnanırıq ki, yarışlarda iştirak edən gənclər gələcəkdə elmi nailiyyətləri ilə bütün dünyaya səs salacaq, ölkəmizi ləyaqətlə təmsil edəcəklər. “TEKNOFEST Azərbaycan” çərçivəsində təşkil olunan sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları ziyarətçilər tərəfindən maraqla qarşılandı və hamının könlünü oxşadı. Daha qürurverici məqam isə milli şahinlərimizin və qardaş ölkənin pilotlarının möhtəşəm hava şousu idi ki, çətin manevrlərin öhdəsindən ləyaqətlə gəlməklə izləyiciləri heyrətə gətirirdilər.
“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri aparılır, Azərbaycan postmünaqişə dövrünün gündəliyini formalaşdırır və dünya gücləri bu reallıqları qəbul edir” söyləyən Malik Həsənov bildirib ki, sadalananlar ölkəmizin yeni səhifə açdığını, Ermənistana da, gələcəyə baxmaq çağırışını etdiyini təsdiqləyir. Artıq Böyük Qayıdışa start verilir. “Ağıllı kənd” layihəsi çərçivəsində müasir tələblər səviyyəsində qurulan Ağalı kəndi sakinlərini qarşılamağa hazırdır.
Millət vəkili diqqəti Müstəqillik Günündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinə, bayram tədbirlərində iştirakına yönəldərək bildirib ki, bu qardaşlıq işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdə də özünün aydın ifadəsini tapır: “Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən Azərbaycan və Türkiyə prezidentləri iki dost, qardaş, müttəfiq ölkənin keçdiyi inkişaf yoluna nəzər salıb əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar. Azərbaycanın qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazdığı, cənab İlham Əliyevin qətiyyətli liderliyi ilə aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyi xüsusi qeyd edildi. Azərbaycan və Türkiyə harada haqsızlıq, ədalətsizlik varsa, orada səsini ucaldır, ədalətə çağırışlar edir. İki dost ölkə hər zaman bir yerdədirlər. “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı. Hazırkı dövrdə elmin, yeni texnologiyaların, yeni ideyaların ölkələrin inkişafında rolunu nəzərə alsaq hər bir yeniliyə açıq olan iki qardaş ölkənin gənclərin inkişafına göstərdikləri diqqət təqdir olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri böyük inam və əminliklə qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.
2018-ci ildən keçirilməyə başlayan “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının ildən-ilə nüfuzu artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb: “İlk olaraq Türkiyədən kənarda “TEKNOFEST”in Azərbaycanda təşkil olunması iki ölkə arasında olan qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı da dərinləşdirəcək. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Tarix sübut edir ki, Azərbaycan və Türkiyə hər zaman ortaq mövqedən çıxış edib, şad gündə də, dar gündə də bir yerdə olublar. 1918-ci ildə Bakının bolşevik işğalından azad edilməsi zamanı türkiyəli qardaşlarımız bizim köməyimizə yetişdi, şəhəri birlikdə azad etdilər, bu yolda şəhidlər verdilər. Bu, bizim qardaşlığımız üçün ən gözəl nümunə və örnəkdir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yenə də qardaşlarımız yanımızda oldular, bizə mənəvi-siyasi dəstək göstərdilər. Bu dəstək xalqımızın qələbəyə olan inamını xeyli artırdı.
Prezident İlham Əliyev sözügedən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik tariximizdən geniş bəhs edərək əsl müstəqilliyin məhz müstəqil siyasət apara bilmək olduğunu açıqladı. Azərbaycan özünün əsl müstəqilliyinə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qovuşdu: “Tarixi Zəfərimiz dövlətimizin müstəqil siyasətinin uğurlarına bir daha işıq saldı. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə ölkəmizə qarşı təzyiqlərə nəzər salmaq kifayətdir. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəyişməz mövqeyindən bir addım belə geri çəkilmədi. İlk gündən müharibəni hansı şərt daxilində dayandıra bilcəyimizi bəyan etdi. 30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan bu şanlı Qələbəsi ilə ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətin gücünü nümayiş etdirdi.”
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilandan mesajlarını da ünvanladı: “Ermənistanda faşistlər baş qaldırmağa cəhd göstərirlər. Onlara elə gəlir ki, əgər hakimiyyətdə olsaydılar müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq. Necə ki, İkinci Qarabağ müharibəsi zamanı bu dərsi verdik.
Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyəyə çatmasında hər iki ölkənin prezidentlərinin xidmətləri danılmazdır. Dövlət başçılarının birliyi və həmrəyliyi,bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. İmzalanan Şuşa Bəyannaməsi isə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, müttəfiqliyin geostrateji əhəmiyyətini yüksəldir. İnanırıq ki, bundan sonra da əlaqələrimiz bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq. Babalarımızın bizə miras qoyduğu bu birlik gələcək nəsillərimiz tərəfindən də davam etdiriləcək.

Yeni Suraxanı Bələdiyyəsinin sədri Fikrət Quliyev




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net