DİN: “Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış hərəkətləri davam etdirilir”
Mayın 10-da Medianın İnkişafı Agentliyində icraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib."MEDİA"dan verilən xəbərə görə, Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının agentliyin diqqət mərkəzində olduğunu bildirib. İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Qeyd olunub ki, hadisə Azərbaycan Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev də bildirib ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur: “Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini polis polkovniki Vüqar Ələkbərov bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə görüşüb. Jurnalist bildirib ki, görüş zamanı rəis müavininə hadisə barədə ətraflı məlumat verib: “Binəqədi Rayon Polis İdarəsinin İstintaq İdarəsində araşdırmalar davam edir”.
ABŞ səfirliyi də jurnalist Aytən Məmmədovaya hücumu pisləyib: “Jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyirik. Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, deyə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.
MEDİA: Aytən Məmmədova ilə bağlı məsələ diqqətdə saxlanılır
Jurnalist Aytən Məmmədovaya edilən hücumla bağlı jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən Prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə və baş prokuroru Kamran Əliyevə açıq müraciət edilib:
“8 may 2022-ci il, gecə saat 23.45 radələrində Azərbaycanın tanınmış jurnalistlərindən olan Aytən Məmmədova evinə gedərkən liftdə naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Bıçağı jurnalistin boğazına dirəyən şəxs ondan fəaliyyətini dayandırmağı tələb edib və azyaşlı övladı ilə hədələyib. Aytən Məmmədovanın boğazında gözlə görülə biləcək şəkildə xəsarət izləri var. Biz jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri hər bir vətəndaşın təhlükəsizliyini təmin etməli olan ölkə başçısından, eləcə də hüquq-mühafizə orqanlarından tələb edirik ki, Aytən Məmmədovaya qarşı törədilən bu cinayət əməli düzgün araşdırılsın və işin arxasında dayanmış şəxslər tapılıb cəzalandırılsın. Aytən Məmmədova son aylar əsasən ”Nərmin işi" kimi tanınan, azyaşlının ölümü ilə bağlı keçirilən bu iş üzrə təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini obyektiv şəkildə işıqlandırır. Güman edirik ki, o, məhz bu işə görə təhdidlərlə üzləşib.
Xatırladaq ki, mayın 8-də jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub. Hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib. Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.