Bu gün növbəti buraxılış imtahanı keçirilib
Tarix: 24-04-2022, 14:47 | Çap et


Aprelin 24-də Dövlət İmtahan Mərkəzi (DİM) 10 şəhər və rayonda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 97 imtahan binası, 1660 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 97 ümumi imtahan rəhbəri, 266 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim, 183 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 97 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 21 min 790 şagirdin iştirakı gözlənilirdi. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli və digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İlkin məlumata görə, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

DİM növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu gün Bakı şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron (II hissə), Füzuli, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Şəmkir, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahanda 21790 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Aprelin 23-24-də keçiriləcək buraxılış imtahanlarında 12 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, hərəkət məhdudiyyətli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Qeyd edək ki, bu həftə imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 193 imtahan binası, 3271 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 193 ümumi imtahan rəhbəri, 524 imtahan rəhbəri, 4082 nəzarətçi-müəllim, 381 buraxılışı rejimi əməkdaşı (mühafizə), 193 bina nümayəndəsi ayrılıb.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net