Azərbaycanın çiçəklənmiş son 20 ili
Tarix: 7-04-2022, 19:41 | Çap et



“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Hər birimizin amalı odur ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli
andiçmə mərasimindəki çıxışından


Azərbaycan xalqının şəxsi iradəsi, sarsılmaz mövqeyi Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi yenidən respublika rəhbəri etdi.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın sədri Cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin-86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqları dövlət siyasətinin strateji prioritetləri olmuşdur. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verərək, səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.
Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar onu deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən “ünsürlərə” Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.
“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.
2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmış və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.
15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunmuşdur.
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib: həm siyasi müstəvidə, həm diplomatik müstəvidə, həm də döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu sözlərin müəllifi Cənab prezident, Ali Baş Komandan güclü iqtisadiyyat və əzmkar ordu ilə “Dəmir yumruq” əməliyyatını gerçəkləşdirdi, 30 ildir işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan xalqının ürəyində sevgisini daha da artıran İlham Əliyev Azərbaycanı dünya miqyasında ən güclü dövlətlər sırasına daxil edərək bu zirvədə qalmağımıza qarant rolunu oynayır.

Suraxanı rayonu, R.Ənnağıyev adına
141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net