Həbslər davam edəcək: növbədə generallar və hakimlərdir - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
""Tərtər işi" ilə bağlı məsələ 4 nəfərin həbsi ilə kifayətlənə bilməz. Düşünürəm ki, hətta yaxın günlərdə, bəlkə də yaxın saatlarda yeni həbslər barədə məlumat alacağıq. Hətta bu məsələdə bir neçə general da cəzalana bilər”. DİA.AZ xəbər verir ki, bu sözləri Bakupost.az -a hərbi ekspert Üzeyir Cəfərov "Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslərin həbs olunmasından danışarkən deyib.
Onun fikrincə, saxta qərarlar qəbul edən, heç bir məhkəmə araşdırması aparmadan, yalnız prokurorluğun təqdim etdiyi sənədlər əsasında saxta qərarlar çıxaran hakimlər də cəzalanacaq:
“Əmin olun ki, həbslər bu gün də, sabah da olacaq. Çünki 136 yeni zərərçəkən artıq tanınıb. Bu, Azərbaycan dövlətinin gələcəyi ilə bağlı olan məsələdir. Buna hüquqi qiymət verilməsə, cinayət cəzasız qalsa, sabah çox pis insident yarada bilər. Təkcə işgəncə verənlər deyil, istintaqı düzgün aparmayan müstəntiqlərin vəzifə səlahiyyətlərini aşdıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmasını, vəzifələrindən azad olunmasını xahiş və tələb edirəm. Eyni zamanda Azərbaycan dövləti adından saxtakarlıq edərək, saxta qərarlar çıxaran hakimlərin də Məhkəmə Hüquq Şurası Tərəfindən hakimlikdən kənarlaşdırılmasını tələb edirəm. Çünki bir-iki nəfər səhv edə bilər, amma elə instansiyalar var ki, oradakı səhv insan həyatı, ailələrin faciəsi ilə nəticələnə bilər, necə ki, nəticələnib. Gözləyirəm ki, bu məsələdə bir neçə general vəzifəsindən çıxarılacaq, bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunacaq”.
Ü. Cəfərov qeyd edib ki, “Tərtər işi”ilə bağlı 9 fevraldan başlanan həbslərin uzun müddət davamı olacaq:
“Ola bilər ki, illərlə araşdırmalar aparılsın. Bu cinayətin özəlliyi ondan ibarətdir ki, faktiki olaraq burada kimlərsə, rütbə, vəzifə, orden və medallar almaq üçün dövlət səviyyəsində cinayətə yol verib. Bu cinayəti törədənlər ən sərt şəkildə cəzalanmalıdır”.