2 fevral - Azərbaycan Gəncləri Günü
Tarix: 2-02-2022, 13:28 | Çap et
2 fevral - Azərbaycan Gəncləri Günü

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bütün dünyaya nümunə olacaq daha bir addım atmış - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarında ikinci, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, ötən il şahmatçılarımızın üçündü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqətdədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlqələndirilməsində mühüm rol oynayır.

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana

bilərsiniz. Mən də sizə arxalanıram”. Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.

Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Bu gün gənclərə ən müasir silahlar, döyüş texnikası, təyyarələr, helikopterlər, gəmilər və s. etibar edilib. Gənclər öz peşəkarlığını artırır, silah və texnikadan istifadə etməyin sirlərini dərindən öyrənir, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşır və ordudan sonra cəmiyyətə əsl vətənpərvərlər kimi inteqrasiya olunur. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sizin xidmətlərinizi yüksək qiymətləndirərək demişdir: "Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır. Onlar Vətəni qoruyurlar, düşmənlə üzbəüz mövqedə dayanırlar. Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər". Xalqımız sizə inanır, siz isə bu inamı, bu etimadı layiqli xidmətinizlə doğruldursunuz. İnanıram ki, siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ünvanlanan bu kəlamlarını heç vaxt unutmayacaqsınız: "Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tutmağa imkan verəcəkdir".

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.

Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı. «Vətən mənə oğul desə, nə dərdim» prinsipi gənclərimizin fəaliyyətinin əsasına çevrildi. 1993-cü ildən başlayaraq gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Təbii ki, bu da gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi ilə bağlı idi. Bu gün hər çağırış gənclərin böyük vətənpərvərlik çoşquları ilə qarşılanır.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində Gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Gənclərimiz bu gün Azərbaycanın xarici ölkələrdə təbliğatçılarıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət!» beynəlxalq kampaniyası çərçivəsində bütün dünya xalqlarına bəyan edilir ki, genosidə məruz qaldıqlarını saxta fakt və iddialarla sübuta yetirməyə çalışan ermənilər tərəfindən əsl soyqırıma məruz qalan Azərbaycan xalqıdır.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. Gənclər bükülmüş belimizi dikəltdilər, mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!

Suraxanı rayonunun fəal gənci,

Arzu Məmmədli





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net