“Sülhməramlılar” Xocavənddəki Njdedən heç utanmırlar?
Tarix: 2-02-2022, 12:51 | Çap et
“Sülhməramlılar” Xocavənddəki Njdedən heç utanmırlar?
Rusiya rəhbərliyinin Ermənistan ordusunun 30 illiyi münasibətilə ermənilərin faşist Qaregin Njde haqqında Moskvada “kino çıxarmalarının” qarşısını alması, böyük rus rejissoru Konstantin Stanivlavskinin “İstəkdən ilham alana qədər iradə gücsüzdür”, sözünü təsdiq etmiş oldu. Ancaq o da təsdiq olundu ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rusiyalı “sülhməramlıların” Xocavənd rayonunda ermənilərin Njdeyə ucaltdıqları abidəni sökdürməyə istəkləri yoxdur deyə, iradələri də boynunu büküb gücsüz görünür.

Əslində tarixi qəhrəman çatışmazlığından xroniki “əziyyət” çəkən ermənilər özlərini dünyaya məğrur xalq kimi göstərmək üçün qaniçən terrorçularını belə, utanmadan “pələng” dərisinə büküb qəhrəmanlaşdırmağa adət ediblər. Baxın, hazırda Türkiyə və Azərbaycanla münasibətləri qismən də olsa düzəltməyə razılaşmış İrəvan, XX əsrin əvvəllərində yüz minlərlə türk-azərbaycanlını qətlə yetirmiş Dro, Andranik Ozanyan, Qaregin Njde, Soqomon Teyleryan və I Qarabağ savaşında məhv edilmiş Monte Melkonyan kimi qatilləri qəhrəmanlaşdırmayıbmı? Bu azmış kimi, ermənilər 7 il öncə uydurma “erməni soyqırımın” 100 illiyinə 1921-ci ildə Berlində Mehmet Tələt Paşanı xaincəsinə öldürmüş Soqomon Teyleryanın şərəfinə Şirak bölgəsində Türk xalqını son dərəcədə təhqir edən abidə ucaltmadımı?

2016-cı il mayın 28-də İrəvanda Njdenin “şərəfinə” ucaldılmış abidə isə, Ermənistan dövlətinin faşizm ideologiyası ilə yaşadığını bütün dünyaya tam şəkildə sübut etdi. Bunun ardınca haylar üstəlik onun uzun müddət Rusiyanın Vladimir şəhərində həbsxanada əzab içində qalıb öldüyünü əsas gətirərək, o zaman öz həyasızlıqlarını tam çılpaqlığı ilə bir daha nümayiş etdirib Vladimir şəhərinin adının hətta dəyişdirilib Qareqin Njdenin şərəfinə adlandırılmasını Moskvadan tələb etdilər. Amma ermənilərin istəyi, rusların iradəsini sındıra bilmədiyindən Vladimir, Njde ola bilmədi.
2019-cu ilin noyabrında Krasnodar vilayətində Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov etiraz əlaməti olaraq Qaregin Njdenin xatirə lövhəsini qara boya ilə boyadıqdan sonra isə, İrəvanda erməniləri Cənubi Qafqaza gətirilib “adam” edilməsində xidməti olmuş rusiyalı diplomat, şair və dramaturq Aleksandr Qriboyedovun abidəsi təhqir olundu. Bunu edən erməni fəal Şaqen Arutyunyan “Njdenin xatirə lövhəsinin boyanmasına cavab olaraq Rusiya imperiyasının səfiri, şair Qriboedovun abidəsinə qırmızı boya tökdüm”, - deyə, hətta öz “Facebook” səhifəsində məlumat yaymaqdan da çəkinməmişdi.

Bu arada, ermənilər nə qədər hay-həşir salsalar da, Armavir ictimaiyyəti nəticədə öz “istəklərindən ilham alan iradələrini” ortaya qoyaraq hakimiyyətdən “abidənin” sökülməsini tələb etdi və buna nail oldu.

Bütün bunları xatırlamaqda məqsəd odur ki, indi əgər rusiyalı “sülhməramlılar” “İstəkdən ilham alana qədər iradə gücsüzdür”, deyiminə sadiqdirlərsə, onda məntiqlə növbə Azərbaycanın Xocavənd rayonundakı “Njdenin” olmalıdır.

Doğrudur, Moskva vilayətinin Müharibə və Əmək Veteranlar Şurası Njdenin Xocavənddəki heykəlini sökmək çağırışı ilə ötən il federal hakimiyyətə - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə müraciət etsə də, görünür bu, adıçəkilən nazirliklərin istəyində olmadığından “daşadönmüş” Njde hələ də Azərbaycan torpağında “meydan sulayır”. Veteranlar Şurası bu müraciətdə faşizmə qarşı qazanılmış qələbənin SSRİ-nin bütün keçmiş xalqlarını birləşdirən hadisə kimi əhəmiyyətini vurğulayaraq Qarabağda, xüsusən də Rusiya “sülhməramlılarının” yerləşdiyi ərazidə faşist Njdenin heykəlinin varlığının qəti yolverilməzliyi barədə xəbərdarlıq etmişdi.

Əlbəttə, “sülhməramlılar” öz babalarının sözləri yerə düşməməsin deyə, separatçılara Njde adlı “daşın” götürülməsini ağızucu desələr də, amma Njdenin törəmələri cavab olaraq abidənin qarşısında “Bura sizin üçün Armavir deyil” yazılmış lövhə yerləşdirməklə “sülhməramlılara” açıq meydan oxudular. Bununla separatçılar bildirdilər ki, Armavir Rusiyanın ərazisidir, sizin sözünüz orada keçə bilər, ancaq bura isə Armavir deyil, bura bizimdir, burda sözünüz keçə bilməz. Maraqlıdır, bu sözdən sonra “sülhməramlılar” hər dəfə Xocavənddə “daşadönmüş” Njdenin yanından keçəndə onun gözünə necə baxırlar? Faşistlərlə qəhrəmancasına döyüşüb həlak olmuş öz doğma babalarının ruhundan utanmırlarmı?

Bu üzdən də iş yenə istək və iradəyə dayanır. Əslində indi söz Xocavəndin əsl sahiblərinindir. İndi Azərbaycan əsgərləri separatçılara “Bura sizin üçün İrəvan deyil”, - deyib Njde adlı “daşı” götürüb separatçıbaşı Arutyunyanın başına çırpmalıdır ki, haqq öz yerini tapsın. Əks təqdirdə ermənilər Qarabağda istəyi və iradəsi qəti olmayan “sülhməramlıların” arxasına sığınaraq Azərbaycan torpaqlarında hələ çox “daş” qoyub, “kino” çıxaracaqlar.

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net