Təhsil Nazirliyi idxalı və satışı ƏDV-dən azad olunacaq kitabların siyahısına dair təkliflər hazırlayacaq
Təhsil Nazirliyi əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq kitabların siyahısı barədə təkliflər hazırlayacaq.
APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Təhsil Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixdə tətbiqi barədə fərmanına görə, Nazirlər Kabineti də kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixdə tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişikliyə (164.1.7-ci maddə) əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azad edilib.
Xatırladaq ki, Vergi Məcəlləsinə dəyişikliklər 1 yanvar 2022-ci ildən qüvvəyə minib. Ancaq həmin kitabların siyahısı hələ hazırlanmadığı üçün kitablarla bağlı qanunun bu müddəası (164.1.7-ci maddə) tətbiq olunmur.