Azərbaycanda korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi təklif olunur.
Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır.
Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olan və yaralanan şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb.
Bu məqsədlə 2021-ci ilin 1 yanvar tarixindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.