Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2020-ci ilin 9 ayında sənaye zonalarında 977 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin 9 ayında 56,7% çox (1,5 mlrd. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2020-ci ilin analoji dövrü (269 mln. manat) ilə müqayisədə 102,6% (2 dəfə) artaraq 545 mln. manat təşkil edib.
“APA-Economics”in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, 2021-ci ilin 9 ayında 1,5 mlrd. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2%, qeyri-neft sənaye məhsullarının ixracında 25,9% (545 mln. manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.
Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.