Noyabrın 26-da Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 26 ili tamam olur.
Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı.
Qısa zaman kəsiyində müdrik rəhbərimizin zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standarlarının tələblərinə tam dolğunluğu ilə cavab verən Konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev konstitusiyası” adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetməni prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır.
Hal-hazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə 1995-ci ilin “Heydər Əliyev Konstitusiyası” dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının əməkdaşı
Vertikal.az