İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində müayinə və müalicə proseduru müəyyənləşib
Dövlət tibb müəssisələrində dar ixtisaslı həkim müayinəsinin və ya yardımçı-diaqnostik müayinələrin aparılması mümkün olmadıqda bu xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış özəl tibb müəssisəsində göndəriş vərəqəsi əsasında həyata keçiriləcək.
APA-nın məlumatına görə, bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin “İcbari Tibbi Sığorta çərçivəsində xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası”na etdiyi dəyişikliklə əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə tibbi yardım göstərilə bilmədikdə müəssisə bu barədə Agentliyə rəsmi məktub vasitəsi ilə müraciət edə bilər. Agentlik göstərilən xidmətin icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verəcək (bu hala göndəriş bilavasitə Agentlik tərəfindən veriləcək) və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edəcək.
Agentlik ilə müqavilə bağlamış özəl tibb müəssisələrində sığorta olunana göndəriş olmadan stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətlə əlaqədar həmin özəl tibb müəssisəsi tərəfindən Agentliyin elektron ünvanına müraciət edilə bilər. Agentlik göstərilən xidmətin icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verəcək və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edəcək.
Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əsasən, sığorta olunan stasionar tibbi xidmətdən istifadə etmək üçün eyni tibb müəssisəsinə, eyni ixtisaslı həkimə və eyni səbəbdən 45 gün ərzində təkrar müraciət etdiyi hallarda həmin müraciət üzrə göstərilən stasionar tibbi xidmətə görə sığorta ödənişi hesablanmayacaq və ödənilməyəcək.
Sığortaolunan göndəriş olmadan özəl tibb müəssisələrinə müraciət etdikdə, ona göstərilən tibbi xidmətə görə Agentlik tərəfindən sığorta ödənişi verilməyəcək.