AVRO-2020-nin Bakıdakı oyunlarında iştirak edən komandaların azarkeşləri Azərbaycana quru yolu ilə də gələ biləcək
Tarix: 9-06-2021, 18:34 | Çap et
AVRO-2020-nin Bakıdakı oyunlarında iştirak edən komandaların azarkeşləri Azərbaycana quru yolu ilə də gələ biləcək

Dövlət Sərhəd Xidməti (DSX) 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müvafiq sənədlər və COVID-19-a dair PCR testinin neqativ nəticəsi əsasında quru yolla Gürcüstan, Rusiya və İran üzərindən Azərbaycana buraxılıb-buraxılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

DSX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2021-ci il tarixli 2576 nömrəli Sərəncamına uyğun olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Sərəncamın tələbləri ilə müəyyən edilmiş qaydada may ayının 1-dən iyul ayının 5-dək dövlət sərhədindən buraxıla bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 aprel tarixli 2576 nömrəli Sərəncamına əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə mayın 1-dən iyulun 5-dək aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

- Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan etibarən 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin həmin sənədlərdən hər hansı biri və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışı mümkün olacaq.

Qeyd edək ki, AVRO-2020-nin Bakıda 4 oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunların üçü qrup, biri isə ¼ final mərhələsinin qarşılaşması olacaq.

A qrupunun Bakıda keçiriləcək üç oyununda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) komandaları qarşılaşacaq.

¼ final mərhələsinin oyunu isə iyulun 3-də keçiriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net