“Yaxın gələcəkdə artıq bizim laboratoriyalarda əlavə olaraq 78 antibiotikin qalıq miqdar təyininin həyata keçirilməsi nəzərdə tutulur”.Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva bildirib.
O qeyd edib ki, AQTİ-nin qida məhsullarının tədqiqi üzrə müvafiq laboratoriyalarında heyvan mənşəli qida məhsullarında (ət, süd, bal və s.) antimikrob preparatların, xüsusilə 17 antibiotikin qalıq miqdarı təyin olunur:
“Bunun üçün bütün lazımi cihaz və avadanlıqlar mövcuddur. İnstitutun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamenti tərəfindən qida məhsulları üzrə risk dəyərləndirilmələri aparılır ki, bunun nəticəsində laboratoriyanın müayinə potensialı günü-gündən artırılır”.
“Antimikrob preparatların “ağıllı tətbiqi” ilə heyvan mənşəli qida məhsullarının bu preparatlarla çirklənmə təhlükəsini və əhatə dairəsini azaltmaq mümkündür. “Ağıllı tətbiq” dedikdə, bu preparatların heyvanlara tətbiqi zamanı baytar mütəxəssislərlə məsləhətləşmək və hər bir preparatdan təyinatına uyğun olaraq, düzgün seçilmiş dozalarda, müəyyən edilmiş müddət ərzində istifadə nəzərdə tutulur”, - deyə o əlavə edib.