“Son həftələrdə koronavirusa yoluxma artıb. Sentyabrın 15-də dərslər açılanda əyani tədrisi müəyyən plan əsasında həyata keçirilib. Hətta bəzi məktəblərdə 5 günlük əyani dərs oldu. Amma son günlər koronavirusun kəskin artması və hərbi vəziyyətlə əlaqədar amilləri nəzərə alaraq bütün təhsil müəssisələrində tətil elan edildi. Əsas məqsəd situasiyanı düzgün təhlil etmək, eyni zamanda müəyyən hazırlıq işlər apararaq ən optimal qərarları vermək olub”.
APA-nın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, son 2 həftə ərzində bir sıra hazırlıq işləri görülüb, bu günə ən optimal qərar verilib və bütün təhsil müəssisələrində onlayn tədrisə keçirilir: “Bu qərarın icrası müəyyən çətinlik yaradacaq, amma əvvəlki dövrlərdən bu təcrübə var, inanıram ki, nə qədər çətinlik olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik. Biz həm ictimaiyyət, həm müəllimlərlə ünsiyyətdə oluruq, bir çox halda mövcud çətinliyə baxmayaraq onlayn tədris daha uyğun qərar olub. Ali təhsil müəssisələrinin rektorları ilə də görüşlər olub, distant təhsilə qərar verilib. Ən böyük məsələ ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Təbii ki, müəyyən problemlər var, internetin keyfiyyəti və s. Amma eyni zamanda bir çox hallarda VPN istifadəsi mane olur, ona görə də bu platformalar VPN-siz işləyəcək. İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı da problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq maarifləndirmə işi aparaq”.