FHN: Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşləri mülki obyektlərdə yanğınlara səbəb olub
Tarix: 15-10-2020, 18:01 | Çap et
FHN: Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşləri mülki obyektlərdə yanğınlara səbəb olub
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən vətəndaşa məxsus fərdi yaşayış evinin bir hissəsinin yanmasına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, mərmi düşməsi nəticəsində Ağdam rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ünvanda fərdi yaşayış evi və bir ünvanda təsərrüfat obyektində yanğın baş verib. Yanğınsöndürmə qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net