Ekspert: “Dağlıq Qarabağ münaqişəsinin tək yolu var, o da ermənilərin bizim ərazilərdən tamamilə çıxmasıdır”
Tarix: 8-10-2020, 18:13 | Çap et
Ekspert: “Dağlıq Qarabağ münaqişəsinin tək yolu var, o da ermənilərin bizim ərazilərdən tamamilə çıxmasıdır”

Bir şeyi xüsusilə vurğulamaq lazımdır ki, bir ölkə təcavüzə məruz qalırsa, bu yalnız o ölkənin problemi olmur. Bu bütün beynəlxalq ictimaiyyətin problemi olmalıdır.Məhz buna görə də Beynəlxalq hüquqa görə təcavüz aktı ən ağır cinayət kimi qiymətləndirilir. Bunu nəzərə alsaq Azərbaycan ordusunun Ermənistan tərəfinin təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları beynəlxalq təhlükəsizliyə dövlət olaraq verdiyimiz töhfədir.

Bunu Oxu.Az-a Azərbaycan Diplomatik Akademiyası (ADA), Dağlıq Qarabağ mövzusu üzrə ekspert Azər Babayev Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin gedişatı ilə bağlı mövcud vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətdə hər şey aydındır:

“Azərbaycan ordusu birmənalı olaraq özünün işğal edilmiş ərazilərini azad edir. Son 30 ilə yaxındır ki, Azərbaycan Ermənistan tərəfinin təcavüzünə məruz qalıb. Bu gün Azərbaycan ordusu nəinki özünümüdafiə aktı həyata keçirir, eyni zamanda BMT sisteminin stabilliyinə töhfə verir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini yumşaq dildə desək, yanlış anlayır. Qarabağ münaqişəsi siyasi, etnik münaqişə deyil, bu daha çox təcavüz münaqişəsidir və belə olan halda danışıq aparılması, atəşkəs elan edilməsi kifayət etmir. Ortada cinayət əməli var və cinayət edən tərəfdə müvafiq olaraq cəzalandırılmalıdır. Başqa sözlə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Burada hər hansı başqa şərt ola bilməz. 26 ildən çoxdur biz atəşkəs rejiminə əməl etmişik nə baş verib? Odur ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəs məsələsi ən sonuncu mərhələdə düşünülə bilər, ilk növbədə təcavüz aktının aradan qaldırılması vacibdir. Dağlıq Qarabağ münaqişəsinin tək yolu var, o da ermənilərin bizim ərazilərdən tamamilə çıxmasıdır.

Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının qrafiki tərtib olunmalıdır. Beynəlxalq ictimaiyyət də buna zəmanət verməli və Ermənistana bu mövzuda təzyiq göstərməlidir. Birmənalı şəkildə hər kəs bilməlidir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətcə bizim atəşkəsə getməyimiz mənasızdır. Beynəlxalq ictimaiyyət 26 ildən çoxdur atəşkəs rejimində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı nəticə əldə edə bilməyib. Bu gün baş verənlər isə ilk növbədə Azərbaycanın özünü müdafiə haqqıdır”.

A.Babayev Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqlar masasına əyləşmək və kömək məqsədilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə əlaqə saxlamasına da münasibət bildirib:

“Ümumiyyətlə bu, Nikol Paşinyanın “siyasi-diplomatik” gedişlərindən biridir. Bu məqamda Rusiya hökumətinin tutduğu mövqə təqdirə layiqdir. Bəzi Qərb ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini yanlış anladıqları aydın görüldüyü zamanda, Rusiyanın sərgilədiyi mövqe xüsusi vurğulanmaldır. Belə ki, V.Putinin söylədiklərində siyasi cəhətdən önəmli məqam var. Bütün bunlar Azərbaycana dəstəyi ifadə edir. Cənab İlham Əliyevin də dediyi kimi Ermənistan qəbul etməlidir ki, Qarabağ Ermənistan deyil.

Bu gün Dağlıq Qarabağ münaqişəsi Ermənistanda getmir, Azərbaycanın suverən ərazilərində gedir. Azərbaycan ordusu öz ərazilərində vuruşur. Bu istiqamətdə siyasi mənada önəmli olan bir məsələdə var ki, Azərbaycan əsgəri öz evinə qayıdır. Buna heç kim, heç bir hüquq, heç bir təşkilat mane ola bilməz. Xüsusilə də son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində görülən tədbirlər öz bəhrəsini verir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net