Səhiyyə Nazirliyi tərəfindən pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib
Tarix: 25-09-2020, 12:05 | Çap et
Səhiyyə Nazirliyi tərəfindən pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən avqust ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 618 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 5 misli həcmində 477 min manat vəsait ödənilib. Bu tibb işçiləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının, Bakı Sağlamlıq Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasının yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri olub.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 160 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 280 min manat vəsait ödənilib. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçiləri olublar.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1072 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 530 min manat vəsait ödənilib. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzlərinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorları və digər işçiləridir.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net