Azərbaycanda maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
Tarix: 15-09-2020, 15:48 | Çap et
Azərbaycanda maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib

Azərbaycanın dövlət büdcəsi üçün illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Ümumilikdə, 7 mindən çox saxta əlillik ləğv edilib və onların illik dövlət büdcəsi üçün maliyyə yükü 35 mln. manatdan artıq idi. Bu, hər il davam edən, təkrarlanan ödənişlərdir. Ümumilikdə, 7 min şəxsə 20 illik dövr ərzində 700 mln. ödəniş həyata keçiriləcəkdi ki, bunun qarşısı alınıb. Saxta əlillik problemi tək Azərbaycanda deyil, ən inkişaf etmiş ölkələrdə belə əlillik təyin edilərkən 10%-ə qədər yanlışlıq olması faktları ilə rastlaşırıq. Ona görə də mütəmadi olaraq müxtəlif meyarlar üzərindən monitorinqlər, qiymətləndirmələr aparılacaq”, - deyə nazir bildirib.

S. Babayev onu da əlavə edib ki, bu yaxınlarda Nazirlik Baş Prokurorluqla birgə daxil olan məlumat əsasında əməliyyat tədbirləri həyata keçirib və maddi maraq müqabilində əlillik təyinatı verməyə çalışan həm xəstəxana, həm də tibbi sosial ekspertiza personalı ilə bağlı ən sərt şəkildə tədbirlər görüldü: “Yəni araşdırmalarımız elektron sistemlər üzərindən aparılır, çünki bu zaman bir çox əlillik növləri var ki, onlar vətəndaşı əmək qabiliyyətsiz edir və biz elektron sistemlər üzərindən onların fərqli məlumatlarını gördükdə onlarla bağlı araşdırma aparılır. Eyni zamanda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər şikayətlər əsasında problemləri aradan qaldırmağa çalışır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net