“Ermənistan Azərbaycan tərəfinə keçən hərbçisini geri almaq istəməyəcək. Bir erməni də olmasın. Ermənilər üçün heç bir fərqi yoxdur”.
Bu sözləri Modern.az-a Azərbaycan Ordusunun əsir götürdüyü erməni zabit Qurgen Alaverdyanın işğal olunmuş Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi təkliflərinə münasibət bildirərkən deputat Aqil Abbas deyib. O diqqətə çatdırıb ki, Ermənistan tərəfi girov saxladığı azərbaycanlılara - Dilqəm və Şahbaza işgəncə verir:
“Orada saxlanılan azərbaycanlıların sağlamlığına ziyan vururlar. Amma Azərbaycan tərəfinə keçən ermənilər az qala yağ-bal içərisində saxlanılırlar. Onlara xidmət etdikləri ordudan qat-qat yaxşı baxılır. Həmin şəxsin Azərbaycan tərəfinə hansı niyyətlə keçdiyini Dövlət Təhlükəsizlik Xidməti aydınlaşdıra bilər. Bəlkə də onların məqsədi elə Azərbaycan əsgərləri tərəfindən tutulmaq idi. Mən inanmıram ki, ermənilər öz zabitlərini geri qaytarmaq istəsinlər. Ermənilər Dilqəmlə Şahbazdan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan hökuməti vətəndaşını düşünür, Dilqəm və Şahbazı geri qaytarmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Ermənistan üçünsə bir erməni zabitinin əskik olmasının heç bir önəmi yoxdur. Erməni Azərbaycanda bir neçə ay qalacaq, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan tərəfinə məsləhət görəcək ki, həmin erməninin üçüncü ölkəyə keçməsinə icazə versin. Dəfələrlə belə olub. Azərbaycanda həbsxanalarda ermənilər var, Ermənistan hökuməti onları geri qaytarmaqda maraqlı deyil.
Bütün bu problemlərin bir həll var, o da Azərbaycanın savaşa başlayıb, torpaqlarını terrorçulardan təmizləməsidir. Dilqəmlə Şahbazı qaytarmağın da yolu budur”.
Qeyd edək ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alaverdyan əsir götürülüb.
2014-cü il iyulun 11-də azərbaycanlılar Dilqəm Əsgərov Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.