Yasamalda sakinləri dinləyən yoxdur... - Prezidentə müraciət olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər paytaxt sakinləri, istərsə də regionlara səfərləri zamanı yerli əhali ilə görüşlərində vətəndaşların rifah halının yüksəldilməsinin dövlət siyasətinin prioriteti olduğunu bəyan edir, görülən işlərin, həyata keçirilən sosial layihələrin insanların rahatlığının təmininə hesablandığını vurğulayır. Zatən, ölkə vətəndaşları da buna şahiddir. Yol tikintisi, yeni keçidlər, körpülər, xəstəxanalar, müəssisələr... hamısı vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Cənab Prezident, həmçinin, dəfələrlə qanunsuz tikililərə, yaşıllıqların məqsədli şəkildə məhv edilib, yerində hansısa obyektlərin tikilməsinə etiraz edib, lazımi göstərişlər verib, nəticədə həmin ərazilərdə sakinlərin istirahəti üçün gözəl park, bağ salınıb. Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində, ondan əvvəl Qaraçuxur qəsəbəsində qanunsuz hasarlanmış ərazilərdə məhz Prezidentin sərt mövqeyindən sonra yaşıllıq sahəsi yaradıldı, həmin ərazilərdə park salındı.
Hazırda paytaxtın Yasamal rayonu ərazisində, necə deyərlər, “başının üstünü qara bulud almış” ərazi mövcuddur. Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84-85 ünvanında, Akademik Topçubaşov adına xəstəxananın (Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi) tam yanında, hətta ona bitişik böyük bir ərazi kimlərsə tərəfindən uzun müddətdir hasarlanıb.
Ətraf binaların sakinləri dəfələrlə buna etiraz etsələr də, vəziyyət dəyişmir. Sakinlərin dediyinə görə, hasarlanmış ərazidə gah market, gah da hündürmərtəbəli bina tikiləcəyi xəbərləri gəlir, sakinlər etiraz edir, etirazlardan çəkinənlər işləri müvəqqəti təxirə salır.
Halbuki, ərazidə istirahət parkı yaratmaq mümkündür. Hasara alınmış ərazidə çoxillik ağaclar var. Həm də həmin yer xəstəxananın yanıdır. Yaşıllıq əraziyə bir neçə oturacaq yerləşdirmək xəstəxanaya gələnlərin də əyləşib dincəlməsi üçün ideal variant olar. Hasara alınmış ərazi yol kənarına yaxın olduğundan parkdan savayı istənilən digər tikili orada sıxlığa səbəb olacaq və tıxac yaradacaq. Ətraf binaların sakinləri Prezidentdən xahiş edirlər ki, ərazinin zəbt olunmasının qarşısını alsın və orada sakinlər üçün gözəl park salınmasına göstəriş versin. //sherg.az//