“Ərzaq qıtlığının yaranması ilə bağlı heç bir təşvişə ehtiyac yoxdur” - GƏLİŞMƏ
Tarix: 19-08-2020, 11:52 | Çap et
“Ərzaq qıtlığının yaranması ilə bağlı heç bir təşvişə ehtiyac yoxdur” - GƏLİŞMƏ

Artıq bir çox ölkələrin iri şəhərlərində karantin rejimi yenidən gücləndirilməyə başlanıb. Səbəb isə COVID-19-a yoluxanların sayının yenidən artması ilə bağlıdır.

Məsələn, Kiyevdə avqustun 17-dən etibarən karantin tədbirləri yenidən sərtləşdirilib. Yeni qaydalar ictimai binalarda və nəqliyyatda maskasız olmağı qadağan edir. Şəxsiyyəti müəyyən etmək üçün sənəd olmadan küçələrə çıxmaq mümkün olmayacaq. İzolyasiya şəraitində olan insanlar üçün özbaşına təcrid və ya müşahidə yerlərini tərk etmək qadağan edilir.

Bundan əlavə, beş kvadratmetr sahədə birdən çox insanın iştirakı ilə kütləvi tədbirlər keçirmək də mümkün olmayacaq.

Beləliklə, payız mövsümü yaxınlaşdıqca bir çox ölkələr bütün ehtimalları nəzərə alaraq, payız mövsümündəki karantinə hazırlaşmağa başlayıb.

Qeyd edək ki, Azərbaycanda da son günlərin statistikasına nəzər yetirəndə məlum olur ki, getdikcə yoluxma sayı artmağa doğru gedir. Bəziləri artıq indidən payız mövsümündə də karantin rejiminin davam edəcəyini ehtimal edir.

Xatırladaq ki, mart ayından etibarən ölkəmizdə karantin rejimi mövcuddur. Virusun yayılması ilə bağlı ölkə üzrə xüsusi karantin rejiminin 31 avqust saat 00:00-dək tətbiq olunması qərara alınıb. Lakin qeyd edildiyi kimi, bu karantinin uzadılıb-uzadılmayacağı hələlik sual altındadır.

Bəs payızda mövcud ola biləcək karantinin sosial çətinliyinə indidən hazırlaşaqmı? Qarşıda bizi ərzaq qıtlığı gözləyə bilərmi?

İqtisadçı-alim Pərviz Heydərov məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hələ ki, pandemiya dövrü, karantin şəraiti tam olaraq aradan qalxmayıb. Yəni, hələ ki, postpandemiya dövründə yaşamırıq. Postpandemiya dövrünün nə zaman yetişəcəyi, həmin dövrə nə zaman çatağımızı da bilmirik. Doğrudur, dünya ölkələrində karantin rejimi aradan qaldırılıb, bəzilərində hətta təkrar bərpa edilib. Payız mövsümü, soyuq havalar yaxınlaşdıqca nə kimi addımlar atılacağı isə məlum deyil”.

İqtisadçı-alim 6 ay pandemiya müddətində ölkəmizdə heç bir ərzaq qıtlığı yaşanmadığını diqqətə çatdırıb: “Demək olar ki, yay mövsümünü bütövlükdə karantin rejimində yaşadıq. Hətta yayda yoluxma sayı ilə bağlı statistika həmişə qırımızı işığın altında oldu. Beləliklə, bu müddət ərzində Azərbaycanda heç bir ərzaq qıtlığı ilə bağlı problem yaşanmadı. Doğrudur, ilk vaxtlar, pandemiya şəraiti təzəcə qədəm qoyan vaxt bu sahədə müəyyən ajiotaj yaşandı. Lakin bu ajiotaj çox qısa müddət davam etdi. Sonradan əhali, vətəndaşların özü də başa düşdü ki, ərzaq qıtlığının yaranmasının ilə bağlı heç bir təşvişə ehtiyac yoxdur”.

İqtisadçı-alim qeyd etdi ki, yaxın gələcək ilə bağlı hər hansı dəqiq proqnoz vermək mümkün deyil: “Bununla belə deyə bilərik ki, karantin rejimini yenidən davam edəcəyi şəraitdə artıq mövcud iqtisadi vəziyyətin bir qədər də çətinləşəcəyi, vəziyyətin gərgin olacağı qaçılmazdır. Sevindirici haldır ki, bu günə qədər bir sıra obyektiv və subyektiv səbəblər üzündən hələ çox dərin tənəzzül yaşamamışıq. Amma bir daha qeyd edirəm ki, bundan sonrakı dövrdə də pandemiya şəraiti davam edərsə, yenə də karantin rejimində yaşamaq məcburiyyətində olarıqsa, artıq bunun iqtisadi fəsadları çox ciddi ola bilər. Biz daha dərin iqtisadi tənəzzülə ilə qarşılaşa bilərik. Ona görə də birinci növbədə bunu nəzərə alıb, tənəzzülün baş verməməsi üçün tədbirlər görmək lazımdır. Lakin bir daha qeyd edim ki, qarşıda mövcud iqtisadi tənəzzülün daha da dərinləşəcəyi, bu və digər formada ərzaq qıtlığının və sairə bu kimi problemlərin ortaya çıxacağını ehtimal etmirəm”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net