Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların (DQ) hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda, çimərliklərdə və əhalinin sıx olduğu yerlərdə gücləndirilmiş nəzarət-profilaktiki reydlər keçirir.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın bütün rayonlarında polis və DQ-nin naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, koronavirusun təhlükələri, ondan qorunma yolları haqqında məlumatlar verirlər.
Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür.
Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.