DİM: Koronavirusa yoluxduğuna görə imtahanda iştirak edə bilməyənlər üçün yenidən imtahan keçirilməyəcək
Tarix: 11-08-2020, 12:42 | Çap et
DİM: Koronavirusa yoluxduğuna görə imtahanda iştirak edə bilməyənlər üçün yenidən imtahan keçirilməyəcək

Yazıçı Nicat Həşimzadə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə müraciət edib.

APA-nın məlumatına görə, yazıçısı müraciətində qeyd edib ki, yaxın qohumu olan 17 yaşlı abituriyent koronavirusa yoluxduğu üçün ali məktəblərə qəbul imtahanında iştirak edə bilməyəcək. O, M. Abbaszadədən belə halla qarşılaşan şəxslərin nəzərə alınmasını, onlar üçün yenidən imtahan təşkil olunmasını istəyir.

DİM-dən ona virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcəyinin bildirildiyini qeyd edən yazıçı bu qərarı ədalətsiz hesab edir: “Mənim yaxın qohumumun bütün ailəsi xəstəliyə yoluxub. Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Siz axı niyə belə ədalətsiz qərar verərək onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha da böyük zərbə vurursunuz. Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir”.

Yazıçının sözlərinə görə, qohumu dəfələrlə tarix və coğrafiya fənləri üzrə məktəblərarası olimpiadalarda yüksək yerlər tutub.

“İndi bu uşaq virusa yoluxub deyə, imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz. Belə məlum olur ki, bu uşaq imtahan vermədən hərbi xidmətə getməlidir”, - deyə o qeyd edib.

Dövlət İmtahan Mərkəzindən isə APA-ya bildirilib ki, DİM tərəfindən iyun ayının 10-dan etibarən keçirilən bütün buraxılış (qəbul) imtahanları pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub: “İmtahan özlüyündə kütləvi prosesdir, on minlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı iştirakçılar sağlamlıq haqqında bəyannamə təqdim edib və binaya daxil olarkən bədən temperaturları ölçülüb. Bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, hər imtahandan sonra bununla bağlı məlumat verilib. Ümumilikdə, iyun-iyul ayları ərzində keçirilən imtahanlarda 40-a yaxın belə hal olub.

Qeyd edək ki, indiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə keçirilib (müxtəlif şəhər və rayonlar üzrə) və ay yarımdan artıq davam edib. Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb”.

DİM-dən bildirilib ki, bu il pandemiya şəraitinə görə qəbul imtahanlarının 2 dəfə keçirilməsi təxirə salınıb: “İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil”.

O da qeyd olunub ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb prosesdir və təkcə imtahandan ibarət deyil: “İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər ixtisas seçimi etməlidirlər ki, müsabiqə həyata keçirilsin. Növbəti mərhələdə isə qəbul olunanlar qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net