BOS Şelf: Xəzər dənizində neft və qaz hasilatı tarixində ən böyük sualtı qurğu quraşdırıldı
Tarix: 11-08-2020, 10:57 | Çap et
BOS Şelf: Xəzər dənizində neft və qaz hasilatı tarixində ən böyük sualtı qurğu quraşdırıldı
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun eksklüziv operatoru olan "BOS Şelf" Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu sayılan “Qarabağ” dayaq blokunun inşasını başa çatdırıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin direktor müavini Nazim Hüseynov deyib. Onun sözlərinə görə, ölkə üçün belə bir əhəmiyyətli layihənin həyata keçirilməsi qürur hissi doğurmaya bilməz.

"Biz “Qarabağ” dayaq blokunun inşasının başa çatdığını və konstruksiyanın STB1 barjasına yüklənilməsinə başlandığını məmnuniyyətlə bildiririk, bundan sonra isə dayaq bloku dənizdəki yatağa daşınacaq", - deyə N. Hüseynov qeyd edib.

Xaturladaq ki, hündürlüyü 187 metr və çəkisi 16,302 ton olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaqdır. Dayaq bloku 2 il ərzində inşa edilib. Layihənin həyata keçirilməsi zamanı BOS Şelf tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq qəzasız 3,2 milyon adam/saat göstəricisinə nail olunub. Layihə üzərində işə cəlb olunan insan resurslarının 95%-i yerli işçilər olub.

Qeyd edək ki, SOCAR və Norveçin Equinor şirkəti 2020-ci ilin mart ayında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” yatağının kəşf olunmasını təsdiqləmişdir. “Qarabağ” yatağındakı ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. Bakıdan 120 km şərqdə yerləşən yatağın ilkin təxmin edilən geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur. BOS Şelf şirkəti Azərbaycanın bütün irimiqyaslı və mürəkkəb neft-qaz layihələrinin, o cümlədən Azəri-Çıraq-Günəşli, Şahdəniz-2, Abşeron və digər layihələrin həyata keçirilməsində əsas iştirakçılardan biridir. İri tikinti-quraşdırma layihələri ilə yanaşı, şirkət qazma qurğularının, gəmilərin və nəqliyyat barjalarının modernizasiyası işlərini uğurla həyata keçirir, həmçinin beynəlxalq şirkətlər üçün logistika təchizatı bazalarının fəaliyyətini idarə edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net