İyul ayının 6-dan 7-dək Albaniya Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi çərçivəsində “Zoom” proqramı vasitəsilə “Rəqəmsal erada yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə: şəffaflıq, dürüstlük və cavabdehlik prinsiplərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Albaniyanın Baş naziri və Xarici İşlər naziri Edi Ramanın təşəbbüsü ilə keçirilən tədbirdə 100-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq və digər hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərliyi ilə Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyevadan ibarət nümayəndə heyəti tərəfindən təmsil edilib.
Avropa qitəsində təhlükəsizliyin təmin edilməsi üçün ATƏT-in həyata keçirdiyi üç əsas fəaliyyət istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə həsr olunan konfransda ATƏT-in Baş katibi Tomas Qreminger, Monteneqronun Dövlət idarəetmə naziri Suzana Pribilovic, Makedoniyanın Xarici İşlər naziri Nikola Dimitrov, İtaliya Deputatlar Palatasının üzvü Vittorio Ferraresi, Beynəlxalq Anti-Korrupsiya Akademiyasının dekanı Tomas Stelzer, Özbəkistanın Xarici İşlər nazirinin müavini Şerzod Asadov, Gürcüstanın Ədliyyə nazirinin müavini Qoça Lordkipanidze, İsveçrənin ATƏT, BMT və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Volfqanq Amadeus Brülhart, eləcə də Avropa Şurasının rəhbər heyəti, bir sıra ölkənin ədliyyə nazirləri, korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və digər vətəndaş cəmiyyəti institutlarının üzvləri, həmçinin tanınmış elm xadimləri iştirak ediblər.
Konfrans zamanı təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təşviqində yaxşı idarəçiliyin və korrupsiyaya qarşı mübarizənin rolu, bu sahədə əldə edilmiş müsbət təcrübə, ATƏT məkanında anti-korrupsiya strategiyası və anti-korrupsiya orqanları, eləcə də, informasiya texnologiyalarının yaratdığı imkanlar, korrupsiyaya qarşı mübarizədə məlumat verən şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin rolu, korrupsiya cinayətlərinin istintaqı zamanı beynəlxalq əməkdaşlıq və sair kimi məsələlər üzrə müzakirələr və faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Baş Prokurluğu cinayətkarlığın müxtəlif formaları, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin, elmi araşdırmaların aparılması, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq-mühafizə orqanları və ixtisaslaşdırılmış anti-korrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində öz fəaliyyətini davam etdirməkdədir.