Rusiyanın Dağıstan Respublikası ərazində qalan daha 250 Azərbaycan vətəndaşının bu gün ölkəyə qayıtması təmin olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, soydaşlarımız avtobuslarla Rusiya ilə "Samur" sərhəd-keçid məntəqəsindən ölkəyə gətirilib.
Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçirilib.
Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilmədi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.
Sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin FHN-in qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və müvafiq tibbi avadanlıqlarla təchiz edilmiş tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir.
Həmçinin hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur.