Yerli icra hakimiyyəti orqanının daha bir səlahiyyəti ləğv edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən həmin orqanın (qurumun) sorğusu əsasında ETM (enerji təchizatı müəssisəsi) tərəfindən veriləcək.
Qüvvədə olan qaydalara əsasən, bu icazə sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə (ərizəsinə) əsasən yerli icra hakimiyyəti orqanının sorğusu əsasında ETM tərəfindən verilirdi.
Eyni zamanda NK-nın müvafiq qərarı ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na edilən dəyişikliyə əsasən, STKM (su təchizatı və kanalizasiya müəssisəsi) özünün STTSAS-nı (su təchizatı və tullantı sularının axıdılması sistemi) ərazi planlaşdırma sənədlərinə uyğunlaşdırmaq məqsədi ilə gücləndirməyə (genişləndirməyə) borcludur. “Tikintiyə icazə verən orqan (qurum) ərazi planlaşdırma sənədlərində nəzərə alınan mühəndis-kommunikasiya sistemləri, bununla bağlı abadlıq, yenidənqurma və tikinti-quraşdırma işləri barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edəcək.
Qüvvədə olan qaydalara əsasən, müvafiq yerli icra hakimiyyəti orqanı yuxarıda qeyd edilən işlərlə barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edirdi.