Bu gün növbəti buraxılış imtahanları keçirilib -
Tarix: 25-06-2020, 14:58 | Çap et
Bu gün növbəti buraxılış imtahanları keçirilib -

Dövlət İmtahan Mərkəzi iyunun 25-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib

Mərkəzdən APA-ya verilən məlumata görə, DİM tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Ağstafa, Şamaxı, Balakən, Oğuz, Bərdə, Zərdab, İmişli, Biləsuvar, Astara, Quba olmaqla, ümumilikdə 10 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 52 imtahan binası, 834 imtahan zalı, 52 ümumi imtahan rəhbəri, 133 imtahan rəhbəri, 1090 nəzarətçi – müəllim, 104 buraxılış rejimi əməkdaşı, 52 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.



İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.



İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən imtahanda hər hansı qayda pozuntusu (mobil telefon və s.) baş verməyib.

İyunun 26-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

7:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 10519 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

İmtahanlar bu bölgələrdə keçiriləcək:

11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Balakən, Oğuz, Şamaxı, Zərdab, Quba;

Azərbaycan dili (dövlət dili) imtahanı -Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: İmişli, Ağstafa, Astara, Biləsuvar;

9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı: İmişli, Ağstafa, Astara, Bərdə, Biləsuvar;

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı: İmişli, Ağstafa, Astara, Bərdə, Biləsuvar;

Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Balakən, Oğuz, Şamaxı, Zərdab, Quba.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Qeyd edək ki, iyunun 24-i və 25-i imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 95 imtahan binası, 1530 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 95 ümumi imtahan rəhbəri, 245 imtahan rəhbəri, 1994 nəzarətçi–müəllim, 190 buraxılışı təşkil edən əməkdaş, 95 bina nümayəndəsi ayrılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda 24 və 25 iyun tarixlərində imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net