Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edildi
Tarix: 23-06-2020, 20:09 | Çap et
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edildi

Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, bu çərçivədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb.

Bununla əlaqədar həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Həmçinin istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1 000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1 000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.

Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net