Karantin rejimlərinin pozulmasına görə məhkumların sayı rəsmi statistikada əksini tapacaq
“Cinayətin növləri üzrə məhkumların sayı haqqında” (yarımillik, illik) rəsmi statistika hesabatı forması dəyişib.
APA-nın məlumatına görə, Dövlət Statistika Komitəsinin Kollegiyası bununla bağlı qərarı iyunun 20-dən qüvvəyə minib.
Artıq “Cinayətin növləri üzrə məhkumların sayı haqqında” (yarımillik, illik) rəsmi statistika hesabatı formasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə məhkumların sayı da əksini tapacaq.
Qeyd edək ki, 17 mart 2020-ci il tarixli qanunla Cinayət Məcəlləsinə yeni məzmunda 139-1-ci maddə əlavə edilib. 139-1-ci maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq ediləcək. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.